Müğənni Gülay Zeynallının geniş müsahibəsi:
- 19.11.2016, 11:50,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Müğənni Gülay Zeynallının “Qafqazinfo”ya müsahibəsi:
- Siz xalq və bəstəkar mahnıları ifa edirsiz. Həmçinin, “Xalq ulduzu” müsabiqəsinin yetirmələrindənsiz. Xalq mahnıları ifa etməyinizə baxmayaraq şou-biznesin bir üzvüsüz. Adətən sizin tərzdə oxuyan ifaçılar bir qədər bu arenadan uzaq gəzməyə üstünlük verirlər...
- Hər sənətçinin bu arenada tanınmağında müxtəlif məsələlər rol oynayır. Kimisi qalmaqal, kimisi başına gələn hadisə, kimisi isə klipi və layihəsi ilə yadda qalır. Mən “Xalq ulduzu” müsabiqəsinə kimi evdə boş oturmamışam. Asəf Zeynallı adına Musiqi Məktəbi və Azərbaycan Milli Konservatoriyasında təhsil almışam. Öz üzərimdə çox işləyirdim. Həmçinin, dövlət tədbirlərində çıxış edirdim, xeyli səfərlərimiz olurdu.
Daha sonra müsabiqə barədə xəbər tutdum. Düzdü, yarışmaya müraciət edən iştirakçılar çox idi. Seçilən 18 iştirakçı arasına daxil ola bildim. Tanınmağımda həmin layihənin böyük rolu oldu. Baxmayaraq ki, mən “Xalq ulduzu”nda 6-cı yeri tutmuşdum. Gərək insanın naxışı olsun. Müğənni məşhur olduqdan sonra arxayınlaşmamalıdır. Relsə düşdükdən sonra bu sənətə davam etməlisən. Məndə bacardığım qədər qalmaqaldan uzaq gəzdim.
- Naxış deyəndə nəyi nəzərdə tutursuz?
- Birnci növbədə Allahın qisməti olmalıdır. Naxışı Allah yazır. İnsan özü-özünə naxış çəkə bilməz. Özümü uğurlu insan hesab edirəm. Allah gec də olsa, bütün istəklərimi mənə nəsib edib. Mənə nəsib olunanlara da naxış deyilir.
“Onlar kimi tapşırıq, bir zənglə bu sənətə gəlməmişəm”
- Siz də klip çəkdirməyən məşhurlardansız. Əksər məşhurlar klip kanallarının yoxluğundan şikayətlənir.
- Yox, hər şey qaydasındadır. Sonuncu klipim keçən il çəkilib. Mən bu səviyyəyə çıxana kimi çox əziyyət çəkmişəm. Bu sənətin içinə birdən -birə düşməmişəm. Elə verilişlər var ki, ora getmirəm. Düzdü, əvvəlcədən veriliş və qonaqlar barədə məlumat alırıq. Ancaq birdən elə qonaqlar olur ki...
Belə bir deyim var, “Qurunun oduna yaşda yandı”. Mən o qonağın badına gedə bilərəm. O qonaqlar kimi tapşırıq, bir zənglə bu sənətə gəlməmişəm. Qayıdım klip məsələsinə... Verilişlər çoxdur, klipləri də həmin verilişlərdə yayımlayırıq.Ancaq daha çox mahnılara üstünlük verirəm. İstəyirəm ki, hər verilişdə fərqli mahnılar oxuyum, eynilik olmasın.
- Hər bir sənətçinin yaradıcılığında xüsusi əhəmiyyət daşıyan mahnılar olur. Sizdə necə?
- Müğənnilər üçün oxuduqları bütün mahnılar əzizdir. Bir valideyn övladlarını necə seçmirsə, müğənni də mahnıları seçmir.
- Məsələn, bizim ailədə valideynlərim məni daha çox sevir.
- (Gülür). Yəqin daha çox pul qazanırsan...
- Onda sizə hansı mahnı daha çox pul qazandırırsa, onu daha çox sevirsiz.
- Zarafat bir yana, həqiqətən də mahnılarımın hamısını çox sevirəm. Ola bilər ki, iki gün sonra daha yaxşı mahnı yazıla bilər. Mən isə onu daha çox bəyənərəm. Ümumilikdə, bütün musiqi əsərlərini sevirəm.
“Onlarla öpüşüb-görüşürəm, amma pərdə saxlayıram”
- Qalmaqallardan da bir qədər uzaq gəzirsiz...
- Bir qədər yox, çox... Mən görməmişəm ki, kimsə mənə söz atsın. Mən belə bir şərait yaratmamışam. Sənətdə rəqabət olmalıdır, bu,danılmaz faktdır. Ancaq sağlam rəqabətin tərəfdarıyam. Pis paxıllıq etməklə, kinli olmaqla, onun-bunun maşınını müzakirə etməklə insan heç bir uğur əldə edə bilməz. Təkcə bu sənətdə belə şeylər olmur, normal insanlara da bu hadisələri şamil etmək olar. İnsan qarşısına məqsəd qoymalıdır.
Elə məqsəd qoymalıdır ki, sağlam rəqabəti davam etdirə bilsin. Mənim azdan-çoxdan təhsilim, ailəm, hormətim var. Bu səbəbdən sağlam rəqabətə girirəm. Bunlar ola-ola niyə rəqabət aparasan? Sənət dotlarımızla da arada pərdə var. Bu sənətdə təkcə Humay Qədimova ilə dostluq edirəm. 16 ildir ki, bir-birimizi tanıyırıq. Digərləriylə “salam-sağ ol”dur. Düzdü, öpüşüb-görüşürəm, ancaq pərdə saxlayıram.
“Qəlbim sınsa, üzümü çevirib gedirəm”
- Bağışlamağı necə? Bacarırsız?
- Kinli insan deyiləm, bağışlamağı bacarıram. İki gün əvvəl küsürəm, inciyirəm. Daha sonra gedib “salam” verirəm. Heç yadıma düşmür ki, iki gün əvvəl həmin şəxsdən küsmüşəm. “Əkizlər” bürcüyəm. Qəlbim sınsa, üzümü çevirib gedirəm. Amma kin saxlamaq, paxıllıq etmək mənlik deyil.
- Mənə maraqlıdır ki, siz indi suallara cavab verəndə bir neçə dəfə “paxıllıq” sözündən istifadə etmisiz. Sizə paxıllıq edənlər çoxdu?
- Mən bunu necə dəqiq deyə bilərəm? Düzdü, hiss edirəm, ancaq onlara nə deyim? Söyləyim ki, niyə mənə paxıllıq edirsiz? İnsanın canında varsa, heç nə demək olmur.
- Müğənnilər bu arenada olan dostluq münasibətlərindən gileylənirlər. Deyirlər ki, şou-biznesdə dostluq yoxdur.
- Əsl sənəti daşıyan insanlar arasında dostluq münasibətləri var. Rövşən Əzizlə Aşıq Əli dostdur. Onların ikisi də sənətkardır, onların peşələrinə heç kəs söz deyə bilməz. Onlar ailəvi dostluq edirlər. Əsl sənətçilər dostluq etməyi bacarırlar.
“Sənətdən uzaqlaşmadım, o mənə dəstək oldu”
- Müğənnilər ailə həyatı qurduqdan sonra şou-biznesdən uzaqlaşırlar. Sizdə isə bir qədər fərqli oldu. Siz həyat yoldaşınızı şou-biznesə gətirdiniz...
- Yox, Kamilin əvvəlcədən öz ətrafı olub. Ora məşqə gedən insanların 70 faizi onun öz tanışlarıdır. Allah bir ailədə iki nəfər naxış veribə, nə ziyanı? Xanım bəyə, bəy də xanıma dəstəkdirsə, ziyan yoxdur. Biz bir-birimizə dəstək oluruq. Mən müğənnilərin evləndikdən sonra sənətdən uzaqlaşdığının şahidi olmuşam. Uzaqlaşmadım, həyat yoldaşım mənə dəstək oldu.
- Nigar Camal müsahibəsində demişdi ki, bu sənətdə olan insan ailə olmamalıdır. Çünki, ailə sənətə əngəl olur. Siz necə düşünürsüz?
- Mən bununla razılaşmıram. Bizdə belə bir şey yoxdur. Düzdü, həm ailəyə, həm də sənətə diqqət ayırmaq çox çətindir. Düşünün, siz bu sənətdə hörmət qazanırsan, məşhur olursan. Ancaq 10 il sonra ailə axtarırsan, sənə lazım olduğunu hiss edirsən.
- Sizi kaprizli müğənni hesab edirəm...
- Yox (gülür). Düzdü, “Əkizlər” bürcüyəm. O biri tayım gələndə çox pis oluram. Anam, bacım bunu qəbul edirsə, hamı qəbul etməlidir. Mən kaprizli biri deyiləm. Məsuliyyətli bir insanam. Məsələn, məni verilişə çağırırlar. Deyirəm ki, saat neçədə başlayacaq? Cavab verir ki, saat 14:00-da. Mən isə söyləyirəm ki, əıgər veriliş 15:00-da başlayacaqsa, məni indidən çağırmayın. Mənə dəqiq vaxtı deyin, həmin anda orada olacam. Bundan başqa səliqəli olmağı çox sevirəm. Qadın çox səliqəli olmalıdır.
“Mənə qarşı hörmətsizlik olsa, beş qatını qaytararam”
- Güclü bir qadın olduğunuzu düşünürsüz?
- Bəli, güclü qadınam. Ancaq kişilər qarşılarına qoyduqları məqsədlərə nail ola bilirlər. Çox vaxt belə olur. Mən isə xanım kimi öz məqsədlərimi reallaşırıram, hesab edirəm ki, çox güclüyəm. Düzdü, hərdən mən də əsəbi oluram. Elə hərəkət edə bilərəm ki, onun günlərlə əziyyətini çəkərəm. Özüm diqqət sevən bir xanımam, diqqətsiz insanları sevmirəm. Bir-iki dəfə bağışlayaram, üçüncü dəfə deyərəm ki, yaxşı yol!
İnsan xırda bir hərəkət edə bilər, ancaq sən onu böyük bir şey kimi qəbul edərsən. Diqqət etmək o demək deyil ki, hədiyyə versin və s. Bir insan elə addım ata bilər ki, gözümdə o zaman çox qalxa bilər. Özünə hörmət qoyan insan hər kəsə hörmət qoyacaq. Ancaq mənə qarşı hörmətsizlik olsa, beş qatını qaytararam.
“Evli deyilsən, ərə get, daha sonra başa düşəcəksən”
- Bir az da sosial şəbəkələrdən danışaq. İnstaqramda aktiv bir xanımsız.
- Elə də aktiv deyiləm. İnstaqram səhifəm gizlidir, açıq olmağını istəmirəm. Gün ərzində bəlkə də, milyonlarla insan izləmək üçün bildiriş atır. İstədiyim insanları qəbul edirəm. O demək deyil ki, məni izləyən 200 min insanın hamısı qohumlarımdır (gülür). Yox, sadəcə olaraq normal insanlara icazə verirəm. Kamil də icazə vermir. Onun bu istəyinə hörmətlə yanaşıram. Bundan başqa mənə artıq-əksik şərhlər yazmırlar, belə şeylərlə rastlaşmıram. Ola bilsin ki, kimsə düşünə bilər, deyər ki, Gülay özündən razıdır, məni dostluq siyahısına qəbul etmir. Onları başa sala bilmirəm ki, qurban sənə, evli deyilsən, ərə get, daha sonra bunu başa düşəcəksən (gülür).
- Kamil bəy sizə çox qarışır? Nələrə icazə vermir?
- Siz evlisiz?
- Xeyr.
- Evli olanlar bunu bilir. Məsələn, o mənə deyə bilər ki, efirdə filan sözü işlətdin, xoşum gəlmədi, gərək belə etməzdin. Həyat yoldaşımdır, dedikləri ilə razılaşıram, deyirəm ki, yaxşı. Ancaq geyim məsələsi barədə fikir bildirim. Geyimlərimə qarışmır, çünki özüm geyimimi bilən qadınam.
- Elə bu yaxınlarda həyat yoldaşınız bir neçə qalmaqalla gündəmə gəldi. Bu cür xəbərlər çıxanda reaksiyanız necə olur?
- Belə şeylər olur. Düzdü, xəbərlər çıxanda məsələhətlərimi verirəm. Ancaq bir şey deyim ki, müsahibə verirsən, dəyişdirib sayta qoyurlar. Müsahibə oxunub gedir, insana münasibət qalır. Dağ dağa rast gəlməz, insan insana rast gələr. Bir müsahibəyə görə, münasibətləri korlamaq olar?
- Övladınızın tərbiyəsi ilə özünüz məşğul olursuz?
- Övladıma qarşı çox ciddiyəm. Qız övladları atalara daha çox meyilli olurlar. Atalar qız övladlarını kaprizli böyüdürlər. İşim olanda anam, bacılarım kömək edir. İşim bitdikdən sonra vaxtımı ailəmə sərf edirəm. İşim varsa, məşğul olacam, olmasa evimə gedəcəm. Dostlarım, rəfiqələrimlə görüşmək, vaxtımı keçirmək mənlik deyil. Bu həyatda ailədən gözəl heç nə yoxdur.
- Elə xalq mahnılarını ifa edən sənətçilər var ki, estrada janrına müraciət edir. Bəs siz necə? Bu barədə düşünürsüz?
- Mən muğam ifaçısıyam. Bütün musiqilər isə muğamın üzərində qurulub. Ona görə də estrada janrında oxumağım çətin olmaz. Ancaq 8 ildir ki, muğam üzrə təhsil alıram, bu il magistraturaya sənədlərimi verəcəm. Şou-poqramlarda çıxş etdiyim üçün estrada janrında bir neçə mahnı oxumuşdum. Estrada ifaçıları başqa janrda mahnı oxuyanda bir qədər əziyyət çəkirlər. Ancaq muğam oxumaq çətindir.
Siz bir toylara nəzər salın. Xalq mahnıları oxuyanlar, yoxsa estrada ifaçıları fonoqrama oxuyur? Milli ifaçının məsuliyyəti çoxdur. Mən yarım saatlıq bir toya gedirəm. Köməkçimə deyirəm ki, filan mahnını qoydurarsan. Çünki mahnı tutub və sevilir. Daha sonra “yox” deyirəm, canlı oxumağa başlayıram. Ev sahibi istəsə, hazır mahnılarımdan ifa edə bilərəm. Hətta, pulsuz toylara da gedirəm, deyirlər ki, 3 mahnını fonoqrama oxu çıx. Mən isə canlı oxuyuram.
"Elə insanlar var ki, məni qucaqlayıb ağlayır"
- Toylarda təmənnasız tez-tez oxuyursuz?
- Dost-tanışların toylarında oxuyuram. Ancaq elə insanlar var ki, övladlarının arzusunun olduğunu deyiblər. Mən isə toya getdiyimin puldan aşağı qiymətə razılaşmışam. Toy qiymətlərində güzəştə gedirəm. Elə insanlar var ki, güzəştə getmir. Status məsələsini gündəmə gətirirlər. Allah kəssin elə statusu... Çünki, mən əziyyət çəkə-çəkə bu sənətə gəlmişəm. “Xalq ulduzu” yarışmasına kimi musiqi təhsili almışam. Elə olub ki, məktəbə getməyə yol pulum olmayıb. Bu əziyyətləri görən insan necə statusdan söz aça bilər?
Elə toy olub ki, oxuyandan sonra ev sahibi razılaşdığımız qiymətin iki qatını verib. Onda mən ev sahibinə nə deyim? Söyləyim ki, biz belə danışmamışdıq? Razılaşdığımız qiyməti verin? Bunlar mənim öz fikirlərimdir. Elə yer var ki, orta təbəqənin toyu keçirilir. Mən onlara məşhur və bahalı restoranlara dediyim qiyməti niyə deyim? Nə olsun ki, kasıbdır? Onun da arzusu var. Ailəm üçün adi insan ola bilərəm. Ancaq elə insanlar var ki, məni qucaqlayıb ağlayır. Deyir ki, övladım üçün sizin çağırmışam.
“Ofisiantın boğazından tutub dalaşdı...”
- Toyda başınıza maraqlı hadisə gəlib?
- Mən toyda canlı oxuduğum üçün çay istədim. Köməkçim Dilbər də ofisianta istəyimi söylədi. Ofisiant gedib 3 saat fırlandı. Gördüm ki, Dilbər ofisiantın boğazından tutub dalaşır (gülür). Bundan əlavə, bizə qarşı toylarda hörmətsizlik olunmayıb.
“Toya özümlə mikrafon aparıram...”
- Son zamanlar toylarda mikrafon ötürmə qalmaqalı yenidən alovlanıb. Şou-biznesdə bir neçə məşhur müğənni ad çıxarıb. Onlar məclisdə həmkarlarına mikrafon vermək istəmirlər.
- Məni şəxsi mikrafonum var. Bir neçə ildir ki, belədir. Toya öz mikrafonumu aparıram. Gözləmirəm ki, vaxtım çatanda kimsə mənə gətirib mikrafon versin. Mikrafondan 100 nəfər istifadə edir, mən gərək ondan isitfadə edim? Həm bu səsimə görə qurulur, həm də təmizlik baxımından diqqət edilir.
Tutaq ki, mənim çıxışım 20:00-dadır. Artıq məclisdə 20:25-də oluram. Əgər mənə 20:40-da söz verirlərsə, bu mənim problemim deyil. Ya aparıcı, ya da digər ifacı gecikdirir. Belə olan halda 15 dəqiqə mahnımı oxuyuram, yarım saatlıq pulumu alıb çıxıram. Bir-iki dəfə başıma belə bir şey olmayıb.