İlk dəfə cənubi-koreya istehsalı olan film - “Pusana qatar” Bakıda ekranlara çıxacaq

İlk dəfə cənubi-koreya istehsalı olan film - “Pusana qatar” Bakıda ekranlara çıxacaqƏn çox gözlənilən blokbasterlərdən və uğurlu Cənubi Koreya filmlərindən biri olan “Pusana qatar” zombi-trilleri noyabrın 24-dən Park Cinema ekranlarına çıxacaq. Ölkəmizdə ilk dəfə olaraq Koreya istehsalı filmin yayımlanması və böyük ekranda göstərilməsi Park Cinema kinoteatrlar şəbəkəsinin təşəbbüsü ilə həyata keçirilir. “Pusana qatar”ın Koreya Səfirliyi, diplomatlar və koreyalı iş adamları üçün orijinal dilində qapalı nümayişi də nəzərdə tutulmuşdur.

Filmin premyerası Kann festivalı çərçivəsində baş tutub və tənqidçilərdən çoxsaylı müsbət rəylər qazanıb. Aktyorların oyunu, personajların xarakteri, insanların zombiyə çevrilməsi, xüsusi effektlər xüsusi qeyd olunub.

“Pusana qatar” apokaliptik dəhşət filmi geniş prokata hələlik çıxmasa da əsasən Asiya ölkələrindəki prokatdan 130 mln ABŞ dolları gəlir əldə edib. Halbuki, filmin büdcəsi o qədər də böyük olmayıb, cəmi 8,8 mln ABŞ dolları təşkil edir.

“Pusana qatar” rejissor Yon San-xonun ““Seul” stansiyası” animasiya filminin sikveli olub bədii film janrında rejissorun debüt işidir. Filmdə Seuldan Pusana yola düşən qatarın sərnişinlərinin zombilərin hücumuna məruz qalmasından bəhs olunur. Süjet xəttinin mərkəzində Seulda yaşayan boşanmış kişi və balaca qızıdır. Balaca Su-anın ad günüdür və o Pusanda yaşayan anasının yanına getmək istəyir. Təsadüfi sərnişinləri heç güman belə etmirdilər ki, Pusana yola düşən qatara bilet onlar üçün xoşbəxt bilet olacaq. Onların heç xəbəri yoxdur ki, müəmmalı virus üzündən Seulda fövqəladə vəziyyət elan olunub. Yolda qatar hücuma məruz qalır. Pusana – virusun hücumunu dəf edə bilmiş yeganə şəhərə gedən sərnişinlər 442 kilometrlik yolda sağ qalmaq uğrunda mübarizə aparacaqlar.

Filmin ideyası o qədər uğurludur ki, Fox və Sony studiyaları onun ingilisdilli remeykini çəkmək hüququ uğrunda mübarizəyə başlayıblar. İri Hollivud studiyalarından başqa filmin çəkilişi hüququ uğrunda Gaumont, Canal Plus və EuropaCorp-dan fransızlar da qoşulublar. Cənubi Koreya trillerinin hüquqları Contents Panda şirkətinə məxsusdur və o hələ ki, ingilisdilli remeyki çəkəcək şirkəti seçməyə tələsmir.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri