Azərbaycanda il ərzində süni mayalanma üçün müraciət edənlərin sayı açıqlanıb
- 22.11.2016, 11:37,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Hər il Azərbaycanda qadınlar müəyyən səbəblərdən ekstrakorporal (süni) mayalanmaya üz tutur. Son illər süni mayalanmaya müraciət edən qadınların sayında artım var. Belə ki, il ərzində süni mayalanmaya müraciət edən qadınların sayı 1000-ə yaxın olur”.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib. O bildirib ki, Azərbaycanda bu sahə son illər inkişaf edir. Dövlət səviyyəsində ekstrakorporal (süni) mayalanmanı icra edən müəssisənin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu olduğunu deyən S. Məmmədova qeyd edib ki, həmin tibb ocağı son 3-4 ildə təmirə bağlandığından bu proses hazırda yalnız özəl tibb müəssisələrində icra olunur.
Komissiya sədri süni mayalanma nəticəsində mütləq qaydada əkiz uşaqların dünyaya gəlməsi haqda fikirlərə də münasibət bildirib: “Süni mayalanma sahəsində olan bütün beynəlxalq təcrübədə yumurtaların sayından asılı olmayaraq sonsuz qadının uşaqlığına 1 embrionun yerləşdirilməsi tövsiyə edilir. Əgər yerləşdirilən 1 embrionun inkişafı nəticəsində bir yumurtadan 2-3 və daha çox döl əmələ gəlibsə, beynəlxalq aləm 3 və daha çox olan əkizlərin reduksiya edilməsini təklif edir. Çünki doğmayan uşaqlıq birdən-birə 3-4 hamiləliyi başa çatdıra bilməz. Bir döl olmalıdır ki, qadın onu başa çatdıra bilsin”.
S. Məmmədova əlavə edib ki, 1 döllü hamiləliyi 39-40-cı həftəyə qədər başa çatdırmaq olar. Onun sözlərinə görə, 2 döllü hamiləlik isə 36-cı həftədən çox davam etmir: “Uşaqlıq həddindən artıq dartılmış olur deyə vaxtından əvvəl doğuş təhlükəsi yaranır və əkiz uşaqlar 36-cı həftəyə kimi doğulurlar. Bu qanuna uyğun olaraq üçəmlər 32-33 həftəyə kimi anadan olur. Çox nadir hallarda rast gəlinən dördəm 30 həftəliyə kimi, beşəm isə 28-29-cu həftəyə kimi doğulur. Ekstrakorporal (süni) mayalanma və ya insan müdaxiləsi olmadan təbiətdə hər 90 doğuşdan biri əkiz uşaqların doğulması ilə nəticələnir. Hər 8100 doğuşun biri üçəm, hər 729 min doğuşun biri dördəm olur. Hər 85 tək döllü hamiləliyin biri əkiz, hər 85 əkiz hamiləliklərin biri üçəm, hər 85 üçəm hamiləliyi doğuşunun biri dördəmdir”.