Azərbaycan prezidenti: “Əminəm ki, ikinci Avropa Oyunları birincidən pis keçməyəcək”

Belarusu bu ölkədə ikinci Avropa Oyunlarının keçiriləcəyi münasibətilə təbrik etmək istərdim. Aleksandr Qriqoryeviç qeyd etdi ki, biz Olimpiya komitələrinin prezidentləriyik. Ancaq yəqin ki, bilmir, ya da buna əhəmiyyət verməyib, biz onunla Olimpiya komitələrinə eyni ildə başçılıq etməyə başlamışıq - 1997-ci ildə.

APA-nın məlumatına görə, bu barədə prezident İlham Əliyev noyabrın 28-də Azərbaycan və Belarus arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında deyib.

Dövlət başçısı Belarusun iri idman məmləkəti olduğunu qeyd edib: "Biz də belaruslulardan geri qalmamağa çalışırıq, həmçinin idman sahəsində əlaqələrimizin möhkəmləndirilməsində əməkdaşlıq edirik. Əlbəttə, həm birinci, həm ikinci Avropa Oyunlarının keçmiş Sovet İttifaqı ölkələrində - keçmiş SSRİ-nin ən uğurlu ölkələrində keçirilməsi də yəqin ki, rəmzi xarakter daşıyır. Düşünürəm ki, bu, bizim ölkələrimizin xidmətlərinin tanınmasıdır. Çünki ölkələrimiz müstəqil dövlət kimi gəncdir - cəmi 25 il. Bu illər ərzində biz ən yüksək zirvələr fəth etmişik və istənilən səviyyədə tədbirlər keçirmək qabiliyyətinə malik olduğumuzu göstərmişik. Əminəm ki, ikinci Avropa Oyunları birincidən pis keçməyəcək. Çünki təcrübə, apardığınız təşkilati işlər, bu cür tədbirlərin təşkilinə göstərdiyiniz cəhdlər qarşıdakı Oyunların unikal olacağını deməyə imkan verir”.
Şərhlər
İdman bölməsinin xəbərləri