Milyarderin nəvəsi ilə ölən Azərin atası: O, toya hazırlaşırdı

İsveçrədə 24 noyabr tarixində məşhur rusiyalı milyarder Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə birlikdə qəzada həlak olan Azər Yaqubovun atası Mahir Yaqubov oğlunun faciəli ölümündən sonra yayılan xəbərlərə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, 18 il AZAL-ın Rusiya təmsilçiliyində işləyib, hazırda Rusiyada kiçik bizneslə məşğul olan Mahir Yaqubov AzNews.az-a verdiyi açıqlamada bildirib ki, 23 yaşlı oğlu Azər 15 yaşından İsveçrədə yaşayırdı.

“Orta məktəbi orada bitirib. Elə həmin il İsverçrədə ali məktəbə daxil olub. Bitirdikdən sonra magistratura təhsili alırdı. Birinci kursda oxuyurdu”.

Oğluyla mütəmadi olaraq danışdığını deyən Mahir Yaqubov Azərin rusiyalı milyarder Platon Lebedevin nəvəsi Diana Lebedeva ilə aralarında yalnız dostluq münasibətləri olduğunu deyir:

“Oğlum nişanlı idi, toyuna hazırlaşırdıq. Diana ilə o dost olublar. Diana mənim kiçik oğlumla daha yaxın dost idi. Onlar hamısı bir yerdə təhsil alıblar. Diana oğlumun yaşadığı evin yaxınlığındakı hoteldə qalırmış. Bir ailəvi tanışlarının məclisindən çıxanda Diana Azərdən xahiş edib ki, onu da evə aparsın”.

Qəzanın səbəbinə gəldikdə isə Mahir Yaqubov qəzanın baş verdiyi gün yağış yağdığını və yolun sürüşkən olduğunu bildirir:

“Bəzi saytlar yolun buz bağladığını, bəziləri isə avtomobilin yüksək sürətlə hərəkətdə olduğunu yazırlar. Amma əslində həmin gün temperatur 14-15 dərəcə olub. Sükan arxasında Azər oturub. Qəzanın baş verdiyi yolda 90 dərəcə döngə var. Yüksək sürətlə hərəkət etmək mümkün deyil. Az yağış yağıbmış. Həm də çox qatı duman olub. Qəzaya səbəb kimi bu qatı duman göstərilir”, - M.Yaqubov bildirib.

23 yaşlı Azərin atası Mahir Yaqubov oğlunun Rusiya hökumətində vəzifə tutan Sübhi Şıxlinskinin qohumu olması ilə bağlı yayılan xəbərə də aydınlıq gətirib:

“Sübhi mənim yaxın dostumdur, ailəvi dostuq. Azər onun “qucağında böyüyüb”. Ona “dayı” deyirdi. Bilmirəm, mətbuat oğlumun adını ona bağlamaqda nə maraq güdür?!”

Mahir Yaqubovun sözlərinə görə, oğlu Rusiyada dəfn edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri