"Avtovağzal" stansiyası ərazisində evlərin köçürülməsi yarımçıq qalıb - SƏBƏB?

Bakının Binəqədi rayonunda, "Avtovağzal" stansiyasından çəkiləcək yeni tunelin ərazisinə düşən evlərin köçürülməsi prosesi başa çatmayıb.

Trend-in məlumatına görə, tunel çəkilişi ilə bağlı köçürülməli olan evlərdən 10 ailəyə kompensasiya verilib və həmin ailələr ərazini tərk edib. Hazırda ərazidə yaşayan 56 ailənin köçürülməsi ilə bağlı danışıqlar davam etdirilsə də, onlar mənzillərini tərk etməyib.

Məlumata görə, ərazidə məskunlaşan ailələrin bəziləri ilə razılıq əldə edilib. Ev sahibləri köçmək üçün təklif edilən evlərlə maraqlanırlar. Digərləri isə Binəqədi rayon İcra Hakimiyyətinin təqdim etdiyi kompensasiyanın məbləği ilə razılaşmır.

Binəqədi rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ərazidəki sakinlərə evlərinin hər kvadratmetrinə görə 600 manat kompensasiya təklif olunub. Lakin bəzi ailələr həyətyanı sahədəki əlavə tikililərə görə də həmin məbləğdə kompensasiya tələb edir.

Məlumata görə, ərazidə tunelin tikintisi ilə bağlı işlərin də müəyyən hissəsi dayanıb. Buna səbəb isə ərazidə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə məxsus su borularının yerləşməsidir. Borular köçürülmədiyindən tunelin tikintisi ilə bağlı işlər ləngiyir.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Trend-ə bildirib ki, təmsil etdiyi qurum boruları köçürməyə hazırdır: "Lakin boruların köçürülməsi üçün ilk öncə ərazidəki evlər köçürülməlidir. Sakinlər ərazidən köçürüləndən sonra "Azərsu" dərhal boruların köçürülməsi ilə bağlı işlərə başlayacaq".
Şərhlər
Sosial bölməsinin xəbərləri