Nazir: "Azərbaycan əhalisinin 6%-ni əlillər təşkil edir"
- 02.12.2016, 14:42,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Hazırda Azərbaycan əhalisinin təqribən 6%-ə yaxını, yəni 570 mindən çox şəxs əlilliyi olan şəxslərdir. Onların bütün problemlərinin həlli və cəmiyyətə inteqrasiya olunması istiqamətində Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə qanunvericilikdə nəzərdə tutulan imkanlar daxilində bütün mümkün tədbirlər görülür". APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazirin sözlərinə görə, sözügedən tədbirlər müxtəlif istiqamətləri əhatə edir: "Birincisi, bu insanların pensi, müavinət təminatı həyata keçirilir. Bununla yanaşı, bu insanların cəmiyyətə inteqrasiyası istiqamətində müvafiq addımlar atılır. Məsələn, yaşayış binalarında, infrastruktur layihələrində əlilliyi olan şəxslərin sərbəst hərəkət etməsi üçün bütün lazımi tədbirlər görülür. Bundan başqa, əlilliyi olan şəxslərin ölkənin əmək bazarında təmsil olunması da olduqca vacibdir. Hazırda 31 mindən çox əlilliyi olan şəxs əlilliyə görə əmək pensiyası almaqla yanaşı, həm də əmək bazarında öz fəaliyyətini davam etdirirlər. Bundan da çox rəqəmdə ifadə olunan əlilliyi olan şəxs öz biznesini qurub, öz biznes ideyalarını reallaşdırıb".
Qeyd edək ki, bu gün Əlil Sahibkarlar Birliyinin istehsal etdiyi xalçaların satış sərgisi keçirilib. S. Müslümov bildirib ki, Birlik olduqca maraqlı ideyalar reallaşdırır ki, onlardan biri də xalça istehsalıdır: "Sərgidə 15-dək xalça satışa çıxarılıb. Bunların bir qismini nazirlik, bir qismini isə nazirliyin əməkdaşları aldı. Gələcəkdə də biz bu cür təşəbbüslərə dəstək verəcəyik".