“Euronews” Şəkidən reportaj hazırlayıb
- 26.06.2013, 02:09,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Euronews” telekanalında qədim Azərbaycan şəhəri Şəki haqqında “Şəki Qafqazın incisidir: ipək, çay və saraylar” adlı reportaj göstərilib. Süjetdə deyilir ki, Şəki Böyük İpək Yolunun üzərində yerləşir. Lakin bu günün özündə də Şəki bazarı regionun hər yerindən ticarət adamlarını və alıcıları cəlb edir.
“XV əsrdən etibarən bu şəhər əla növ ipəyin istehsal olunduğu yer kimi məşhurdur. Şəki bütün Qafqazın ipəkçilik mərkəzinə çevrilib. Dünyanın ən böyük ipəkəyirmə fabriklərindən biri ilk dəfə 1861-ci ildə burada tikilib”.
Reportajın müəllifləri vurğulayırlar: “Şəki Xan Sarayının pəncərələrindəki zərif şəbəkələr də ipəkçilik sənətini xatırladır. Şüşəni bura ipəyə dəyişərək İtaliyadan gətirirdilər. Nəfis divar naxışları olan saray 1760-cı illərdə Hüseyn xan tərəfindən inşa edilib. Tikildiyi vaxtdan indiyədək qalmış dam örtüyü də ənənəvi üsullarla - mismarsız və yapışqansız bərpa edilib".
Sarayın ekskursiya rəhbəri Zəminə Rəsulovanın fikrincə, “Azərbaycanda başqa diqqətəlayiq yer olmasaydı – ümumiyyətlə heç nə olmasaydı belə, tariximizi, memarlığımızı və incəsənətimizi dünyaya təbliğ etmək üçün təkcə Şəki Xan sarayını göstərmək kifayət idi.
Çayxanaya ayrıca diqqət ayıran süjet müəllifləri bildiriblər: “Belə bir deyim var: “Çay içməmisənsə, gücün hardan olsun?”. Burada çayı böyük ehtiramla içirlər”.
Reportajda Azərbaycanın müalicəvi Naftalan neftinə xüsusi yer ayrılıb. “Məşhur səyyah Marko Polo XIII əsrdə regiona səyahət edərkən torpaqdan süzülən “qara seliyi” təsvir etmişdir. Belə mənbələrin bir çoxu ya tükənmiş, ya da bağlanmışdır, lakin burada neft hələ o qədərdir ki, onda sözün əsl mənasında çimmək olar. İnsanlar əsrlər boyu burada neft vannaları qəbul etmiş, qədim ara həkimləri belə vannaların saysız-hesabsız üstünlüklərini sadalamışlar. Elə bu günün özündə həkimlər hesab edirlər ki, neft vannaları dəri xəstəliklərinin müalicəsinə kömək edə bilər”.