Prezident İlham Əliyev: Güclü ordumuz, güclü potensialımız Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyini möhkəmləndirir
- 26.06.2013, 11:06,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Hər bir ölkə üçün bu, belə olmalıdır. Çünki hər bir ölkə özünü müdafiə etməlidir. Xüsusilə müharibə şəraitində yaşayan ölkələr üçün bu, çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır: "Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatmışdır və hər an bizim ordumuz hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin".
İlham Əliyevin sözlərinə görə, uzun illərdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmır: "Uzun illərdir ki, bu ədalətsizlik davam edir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini müdafiə edir. Bütün beynəlxalq mötəbər təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını, qətnamələrini vermişlər və qəbul etmişlər. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğal davam edir. Əfsuslar olsun ki, danışıqlar nəticə vermir. Belə olan halda, əlbəttə ki, ordu quruculuğuna böyük ehtiyac vardır. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu bizim xalqımız bu torpaqlarda yaşayib yaratmışdır".
Dövlət başçısı bildirib ki, bu gün də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün dünya birliyi ölkəmizin ərazi bütövlüyünü tanıyır və onu dəstəkləyir: "Nəinki Dağlıq Qarabağ, bugünki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi diyarımızdır. İkinci erməni dövlətinin Azərbaycan ərazisində yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcəkdir.
Biz çalışacağıq ki, məsələ tezliklə öz həllini tapsın. Məsələnin həlli əlbəttə ki, siyasi yollardan keçir. Danışıqlar prosesi hələ ki, davam edir. Ancaq güclü ordumuz, güclü potensialımız bizim mövqeyimizi möhkəmləndirir. Bizim mövqeyimiz tarixi ədalət üzərində qurulub".