Trampın aksiyalarını iyun ayında satdığı məlum olub

ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp özünə məxsus aksiyaları hələ bu ilin iyun ayında satıb.

APA-nın “The Washington Post”a istinadən yaydığı məlumata görə, bu barədə Trampın mətbuat katibi Ceyson Miller bildirib.

Lakin o, Trampın aksiyalarını niyə, kimə və hansı qiymətə satdığı barədə məlumat verməyib.

Həmçinin gələcək ABŞ prezidentinin digər aktivlər alıb-almadığı da qeyri-müəyyən olaraq qalır.

Donald Trampın portfelinə “Apple”, “AT&T”, “Exxon Mobil” və “Goldman Sachs” kimi şirkətlərin qiymətli kağızları daxil idi. Ötən ayın sonu özünün prezidentlik dövründə tamamilə biznesdən gedəcəyini deyən D. Tramp bu addımı maraqların toqquşmasından qaçmaq məqsədi ilə atdığını bildirib.

“Hazırda mənim işgüzar əməliyyatlardan çıxmağımla əlaqədar sənədlər hazırlanır. Prezidentlik daha vacibdir”, - deyə Tramp qeyd edib.

Maraqlıdır ki, dekabrın 15-də məsələ ilə bağlı mətbuat-konfransını keçirəcəyini deyən Tramp qanuna görə hələ 2018 ilin may ayınadək öz maliyyə gəlirləri haqqında məlumatları açıqlamaya bilər. Nəşr yazır ki, aksiyaların satılmasında əldə olunan gəlirin bir hissəsi Trampın seçkiqabağı kampaniyasını sərf edilib.

Rəsmi məlumatlara görə, o, seçkiqabağı kampaniyasına şəxsi hesabından 66 milyon dollar xərcləyib. Tramp öz sərvətini 10 milyard dollardan çox qiymətləndirir.

Bununla belə, nüfuzlu “Forbes” jurnalı onun 4,5 milyard dollara, “Wealth-X” jurnalı isə 4,4 milyard dollar sərvətə malik olduğunu yazıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri