Prezident İlham Əliyev: Çexiya xarici işlər nazirinin Xocalı soyqırımı ilə bağlı qərəzli bəyanatları əlaqələrin genişləndirilməsinə mane olan addımlardandır

Prezident İlham Əliyev: Çexiya xarici işlər nazirinin Xocalı soyqırımı ilə bağlı qərəzli bəyanatları əlaqələrin genişləndirilməsinə mane olan addımlardandır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Çexiya Respublikasının Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edən qarşılıqlı səfərlərin və görüşlərin önəmini vurğuladı. Enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini bundan sonra da verməkdə davam edəcəkdir. Ölkələrimizin istər ikitərəfli, istərsə də Avropa İttifaqı çərçivəsində uğurlu əməkdaşlıq etdiyini söyləyən dövlətimizin başçısı Çexiyada bu əməkdaşlığa mane olan addımların atıldığını da təəssüflə qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, Çexiyanın xarici işlər naziri Karel Şvarsenberqin Azərbaycan və Xocalı soyqırımı ilə bağlı həqiqəti əks etdirməyən və heç bir əsası olmayan, qərəzli bəyanatlar verməsi Çexiya-Azərbaycan əlaqələrinin genişləndirilməsinə mane olan addımlardandır. Bu cür bəyanatların qəbuledilməz olduğunu deyən dövlətimizin başçısı Çexiya rəhbərliyinin ikitərəfli əlaqələrin inkişafına xələl gətirən bu cür hallara münasibət bildirəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Çexiya-Azərbaycan dostluq qrupunun sədri kimi Yan Hamaçekin Azərbaycana bu səfərinin parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Çexiya Respublikasının Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan Hamaçek ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində daha da genişləndirməyin əhəmiyyətini qeyd etdi. O, Çexiya parlamentinin Deputatlar Palatasının xarici əlaqələr Komitəsinin Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, kütləvi qırğın və soyqırımını qətiyyətlə pisləyən qətnamə qəbul etdiyini vurğuladı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri