Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutub. APA-nın məlumatına görə, təmsilçimiz “Qarabağ” da son turda həlledici matça çıxıb.
Azərbaycan azarkeşləri üçün xüsusi maraq kəsb edən görüş Bakıda baş tutub. Ağdamlılar İtaliyanın “Fiorentina” klubunu qəbul ediblər. Qurban Qurbanovun yetirmələri görüşdən qalib ayrılaraq növbəti mərhələyə yüksəlməyi hədəfləyirdilər.
Matça ağdamlılar fəal başladılar. Bir neçə dəfə italiyalıların qapısına doğru həmlələr olsa da, ilk 15 dəqiqədə real təhlükə yaratmaq mümkün olmadı. Tədricən sürəti və təzyiqi artıran "Qarabağ" 32-ci dəqiqədə Dino Ndlovu ilə qola çox yaxınlaşdı. Cənubi afrikalı hücumçu sürətli hücum zamanı "Fiorentina"nın iki oyunçusunu geridə qoyub zərbə endirsə də, top qapı dirəyindən döndü.
Buna 4 dəqiqə sonra rəqib də topu dirəyə vuraraq cavab verdi. İlk hissə qolsuz başa çatdı.
İkinci hissə isə matçın taleyi baxımından həlledici oldu. 60-cı dəqiqədə Veçino hesabı açdı. 73-cü dəqiqədə Reynaldo hesabı bərabərləşdirsə də, cəmi 3 dəqiqə sonra Kyeza nəticəni təyin etdi - 1:2.