Azərbaycan XİN həmsədrlərin bəyanatına münasibət bildirib
- 09.12.2016, 17:50,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında bir daha mövcud vəziyyətin qəbuledilməz və təhlükəli olması və hər zaman gərginləşə biləcəyi öz əksini tapıb”.
Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını şərh edən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, bəyanatda münaqişənin mərhələli yolla həlli üçün atılmalı olan addımlar sadalanır və burada ilk addım Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında olan ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtmasının təmin olunmasıdır: “Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz mövcudluğu münaqişə zonasında gərginliyin əsas səbəbi və münaqişənin siyasi həllinə başlıca maneə olaraq qalır. Aprel ayında qoşunların təmas xətti boyunca mülki Azərbaycan əhalisinin, şəxsi və dövlət mülkiyyət obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən ağır silahlardan hədəfə alınması və nəticə etibarilə, Ermənistanın təhriki və təxribatı ilə başlayan gərginlik bir daha mövcud status-kvonun qəbuledilməz olduğunu sübut etdi. Bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu dəfələrlə bəyan ediblər. Status-kvonun dəyişdirilməsi üçün ilk addım Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasıdır. Azərbaycan Vyana və xüsusilə Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndirir. Həmsədrlərin bəyanatında qeyd olunduğu kimi, Azərbaycan tərəfi hal-hazırda gündəlikdə olan işçi təkliflər əsasında substantiv danışıqlar vasitəsilə münaqişənin həllinin və regionda davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır və açıq şəkildə sülh prosesini pozmaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi addımlarına adekvat münasibət bildirməli, Ermənistanın danışıqlar prosesində konstruktiv və xoş niyyətlə iştirakını təmin etmək üçün zəruri addımlar atmalıdırlar”.