"Statoil"un Azərbaycandakı prezidenti vəzifəsinin icrasına başlayır

"Statoil"un Azərbaycandakı prezidenti vəzifəsinin icrasına başlayır 46 yaşlı Tanguy Cosmao iyulun 1-dən etibarən Azərbaycanda "Statoil" şirkətinin prezidenti vəzifəsinin icrasına başlayacaq.


Şirkətdən Trend-ə verilən məlumata görə, Cosmao 2010-cu ildən Bakıda yaşayır və regional inkişaf üzrə vitse-prezident kimi "Azəri-Çıraq-Günəşli" HPBS və "Bakı-Tbilisi-Ceyhan" boru kəmərində "Statoil" şirkətinin iştirakını təşkil edir.


Сosmao "Statoil" Beynəlxalq Kəşfiyyat və Hasilat şirkətinin öncə Stavanger şəhərində, sonra isə Londonda yerləşən ofisinə 2006-cı ildə daxil olub və Şimali Afrika bölgəsində biznesin inkişafına cavabdeh idi. "Statoil" şirkətinə qəbul olunmazdan əvvəl Cosmao 20 ilə yaxın, əsasən Türkiyə, Cənubi Koreya, Anqola və Fransada "Buiq Ofşor" və "Saipem" layihələrində bir çox idarəedici vəzifələrdə çalışıb. Cosmao ABŞ-ın Çikaqo ştatının Şimal-Qərb Universitetində mülki mühəndislik və geotexnika, Fransanın Qrenobl şəhərinin Milli Politexnik İnstitutunda isə mülki mühəndislik ixtisasları üzrə magistr dərəcələri alıb.


Qeyd edək ki, "Statoil" 36 ölkədə fəaliyyət beynəlxalq enerji şirkətidir. Şirkət Norveçin kontinental şelfində 40 illik neft və qaz hasilatı təcrübəsinə əsaslanaraq, məsuliyyətlə, müasir texnologiya və mütərəqqi biznes həlləri tətbiq etməklə dünya enerji ehtiyaclarının qarşılanmasının keşiyində durur. Mərkəzi ofisi Norveçdə yerləşən "Statoil"un dünyada 20 min işçisi var. Şirkət Nyu-York və Oslo fond birjalarının siyahılarına daxildir.


Xatırladaq ki, "Statoil" Azərbaycanda 1992-ci ildə işə başlayıb, Azərbaycanda fəaliyyət göstərən ikinci ən iri xarici sərmayə şirkətidir. "Statoil" Azərbaycana 5 milyard ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 8,56% payla "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının neft hasilatında, 25,5% payla "Şahdəniz" qaz yatağının işlənməsində təmsil olunur, müvafiq olaraq, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) pay sahibidir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri