Yük avtomobillərinin sürücüləri xüsusi proqram üzrə hazırlıq keçəcək

“Avtomobil nəqliyyatı haqqında” qanunun 27-ci maddəsinin (Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər) 3-cü bəndinə dəyişiklik təklif edilib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, təklifə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli olacaq. Bəndin hazırda qüvvədə olan variantına görə isə yalnız sərnişin avtonəqliyyat vasitələrinin sürücüləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməlidir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 16-da müzakirəyə çıxarılacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri