Azərbaycanın ABŞ-dakı səfiri “Con Batçelor Şou” verilişinə müsahibə verib

ABŞ-da məşhur və olduqca geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radio verilişi canlı yayımda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovdan müsahibə alıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, müsahibəni Con Batçelorla yanaşı ABŞ-da tanınmış ictimai xadim, yəhudi icmasının ən nüfuzlu nümayəndələrindən biri Makolm Hoenlein aparıb.

Verilişin dünya xəbərləri çərçivəsində baş tutmuş müsahibədən əvvəl aparıcı Azərbaycanın mühüm əhəmiyyətli Xəzər dənizi regionunda yerləşdiyi, həmin regionda sabitlik rolunu oynadığı və vacib enerji ölkəsi olduğu vurğulanıb. Müsahibə zamanı səfir Süleymanov Azərbaycanın zəngin tolerantlıq və multikulturalızm ənənələrinə toxunmuş, müxtəlif din nümayəndələrinin dinc və həmrəylikdə yaşadığı, ölkəmizdə heç zaman ksenofobiya və ayrı-seçkiliyin olmadığını önə çəkib. Buna misal kimi bu günlərdə Azərbaycan prezidenti İlham Əliyevin öz tvitter səhifəsindəki “Azərbaycanda heç bir zaman ksenofobiya və ya anti-semitizm olmayıb və heç vaxt olmayacaq” bəyanatını xatırladıb. Həmçinin E.Süleymanov xatırladıb ki, bu yaxınlarda səfirliyin həmtəşkilatçı olduğu azadlıq və müxtəlifliyə həsr olunmuş Hanukkah tədbirində Azərbaycanın dünyada tolerantlıq və mənəvi körpü kimi tanınması sayəsində öz aralarında müxtəlif ziddiyyətləri olan dairələri bir araya gətirib. Buna xüsusi misal kimi E.Süleymanov Vaşinqtonda Fələstin Azadlıq Təşkilatı kimi qeydiyyata alınmış Fələstin nümayəndəliyinin rəhbəri və İsrail səfirinin tədbirdə birgə iştirakını vurğulayıb.

E.Süleymanov aparıcının Azərbaycanın xarici siyasəti ilə bağlı müxtəlif suallarına cavab verib və bu xüsusda Böyük İpək Yolu və Azərbaycandan keçən Qərb-Şərq və Şimal-Cənub marşrutları, İsrail-Azərbaycan əlaqələri, Azərbaycan torpaqlarının işğal edilməsi, yeni seçilmiş növbəti ABŞ Administrasiyası ilə əməkdaşlıq, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ölkəmizin gözləntiləri barədə məlumat verib.

Qeyd edək ki, "Con Batçelor Şou" gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radio kanallar tərəfindən həm canlı, həm də audio yazısı geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri