Lənkəranda canavarlara şər atan mal-qara oğrusu ələ keçdi

Lənkəranda canavarlara şər atan mal-qara oğrusu ələ keçdi Lənkəranda mal-qara oğrusu saxlanılıb.


Trend Cənub TV-yə istinadən məlumat verir ki, artıq neçə müddətdir, Lənkəranın Osaküçə və ətraf kənd sakinlərinin mal-qarasına qənim kəsilən oğru nəhayət ki yaxalanıb. Məlum olub ki, həmin şəxs təkcə inəkləri oğurlayıb satmaqla deyil, zərərçəkmiş sakinlər üçün dua yazmaqla da pul qazanırmış.


Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində aydın olub ki, inəkləri oğurlayan elə rayonun Osaküçə kənd sakini Mirzəşah Kazım oğlu Kazımovdur. Adıçəkilən şəxs kənd sakinlərinin 7 inəyini oğurlamaqla onlara ümumilikdə 3900 manat məbləğində ziyan vurub. Oğurladığı mal-qaranı isə əsasən Masallıda satırmış.


Maraqlısı odur ki, kənd sakinlərinin "seyid övladı" kimi tanıyıb hörmət etdiyi "qəhrəman" mal-qara sahiblərini inandıra bilib ki, onların inəklərini meşədə canavar parçalayıb. Mirzəşah Kazımov hətta "canavarın ağzını bağlamaq" məqsədilə sakinlər üçün xüsusi dua da yazırmış.


Artıq M.Kazımovun barəsində həbs qəti imkan tədbiri seçilərək, iş üzrə Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri