Dövlət sirri olan məlumatlarla işləyən rəhbər şəxslər attestasiyadan keçəcək
- 19.12.2016, 18:08,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Təhlükəsizlik Xidməti “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu, müəssisə, idarə və təşkilatların dövlət sirri təşkil edən məlumatlardan istifadəsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazələrin alınması zamanı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının təşkili və aparılması qaydasını müəyyənləşdirir.
Xüsusi ekspertiza DTX-də təşkil olunmuş Ekspert Komissiyası tərəfindən keçirilir.
Müəssisə, idarə və təşkilatların xüsusi ekspertizası konkret fəaliyyət növünün icrası üçün yaradılmış şəraitin dövlət sirrinin mühafizəsi sahəsindəki qanunvericilik və normativ hüquqi aktlara, metodik və digər (standartlar, taktiki-texniki tapşırıqlar, texniki tapşırıqlar, texniki şərtlər və s.) sənədlərə uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi, məxfilik rejimi, texniki kəşfiyyata qarşı tədbirlər və informasiyanın texniki kanallarla sızmadan mühafizəsi üzrə aparılır. Müəssisə, idarə və təşkilatların xüsusi ekspertizası həmin təşkilat rəhbərinin dövlət attestasiyası ilə bərabər həyata keçirilir. Dövlət sirri təşkil edən məlumatlarla bağlı işlərin icrasına buraxılmış təşkilatın rəhbəri vəzifəsinə yeni təyin olunmuş şəxs 3 ay müddətində dövlət attestasiyasından keçməlidir. Müəssisə, idarə və təşkilat tərəfindən müvafiq icazənin alınması üçün qanunvericiliyə uyğun DTX-yə ərizə ilə müraciət edildikdə xüsusi ekspertizanın keçirilməsi barədə qərar qəbul edilir. Xüsusi ekspertizanın keçirilməsi ilə bağlı xərclər ərizəçinin hesabına ödənilir. Xüsusi ekspertiza barədə qərar qəbul ediləndən sonrakı 5 iş günü ərzində müqavilə bağlanmalıdır. Müqavilə bağlandıqdan sonrakı 20 iş günü ərzində xüsusi ekspertiza aparılmalı və başa çatdırılmalıdır. Obyektlərin mürəkkəbliyi və çoxluğu, habelə görülən işlərin həcmi nəzərə alınaraq xüsusi ekspertizanın keçirilməsi 15 günə qədər uzadılır. Xüsusi ekspertizanın nəticələri haqqında akt müvafiq icazənin verilməsi və ya icazənin verilməməsi barədə qərarın qəbul edilməsi üçün əsas hesab olunur.
Təşkilat rəhbəri xüsusi ekspertizanın keçirilməsi üçün məxfilik rejiminə cavabdeh şəxslə birgə aşağıdakı sənədləri DTX-nin Ekspert Komissiyasına təqdim edir:
- Yoxlanılacaq obyektin mühəndis-tikinti planı (bitişik otaqların yerləşməsi və təyinatı);
- Elektrik, telefon, kompüter şəbəkələrinin mövcudluğu, tipi (açıq və ya qapalı), şəbəkəni quraşdırmış qurum barədə məlumat, kommunikasiya xətlərinin, ventilyasiya sisteminin sxemləri;
- Yoxlanılan obyektdə olan texniki vasitələrin sayı və təyinatı, zavod nömrələri, istehsal (alınma) tarixləri, təyinatı və istehsalçı şirkət barədə məlumatlar;
- İstehsalçı şirkətə və ya avadanlıqları göndərən şəxsə texniki vasitələrin şifarişçisi barədə informasiyanın əvvəlcədən məlum olub-olmaması barədə məlumatlar;
- Texniki vasitələrin quraşdırılması, tənzimlənməsi və ya təmirində xarici ölkə mütəxəssislərinin iştirakı barədə məlumatlar.
Xüsusi ekspertizanın keçirilməsi zamanı aşağıdakılara diqqət yetirilir:
- Xüsusi ekspertizanın birinci dəfə keçirilməsinə;
- Xüsusi ekspertizanın plan üzrə keçirilməsinə;
- Obyektin binasının tikintisində və təmirində xarici şirkətlərin və ya onların nümayəndələrinin iştirakının olub-olmamasına;
- Bina və otaqların (avadanlıqların, məişət texnikasının və s.) əsaslı və ya cari təmirinin keçirilməsinə;
- Əşyaların, suvenirlərin kim tərəfindən təqdim olunması, mebellərin və sair dəyişdirilməsi və təmirindən sonra keçirilməsinə.
Ərizəçinin obyektlərində işləyən dövlət sirrinin mühafizəsi sahəsində mütəxəssislərin sayının və ixtisas səviyyəsinin qiymətləndirilməsi zamanı həmin mütəxəssislərin aşağıdakı istiqamətlər üzrə hazırlığı yoxlanılır:
- Obyektdə qorunan məlumatların müəyyən olunması, fəaliyyət istiqamətini açıqlayan əlamətlərin aşkarlanması;
- Obyektdə texniki kəşfiyyat imkanlarının təhlili;
- Dövlət sirri təşkil edən məlumatların sızma kanallarının aşkarlanması;
- Obyekt və buraxılan məhsul barədə dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə tədbirlərin hazırlanması;
- Dövlət sirri təşkil edən məlumatların mühafizəsi üzrə tətbiq olunan tədbirlərin icrasına nəzarət.
Yeni Qaydanın qüvvəyə minməsi ilə əlaqədar “Dövlət sirri təşkil edən məlumatlardan istifadə edilməsi, informasiyanı mühafizə vasitələrinin yaradılması, habelə dövlət sirrinin mühafizəsi üzrə tədbirlər görülməsi və ya xidmətlər göstərilməsi ilə bağlı işlərin icrasına buraxılması üçün icazənin alınması məqsədilə müəssisə, idarə və təşkilatların xüsusi ekspertizasının keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə” keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 13 fevral 2012-ci il tarixli Q/3 nömrəli və həmin Qaydaya dəyişikliklər edilməsi barədə 12 iyul 2012-ci il tarixli Q/7 nömrəli qərarları ləğv edilib.