Rusiya Türkiyə ilə vizasız rejimə dair danışıqları “dondurur”

Rusiya səfiri Ankarada qətlə yetirildikdən sonra Moskva Türkiyə ilə vizasız rejimə dair danışıqları dayandırmağa hazırlaşır. APA-nın xəbərinə görə, bu barədə “İzvestiya” nəşri Rusiya XİN-dəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşr xatırladır ki, bir neçə ay əvvəl səfir Andrey Karlov Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməyə tələsməməyə çağırmışdı. Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirlər görülməmişdi.

“İzvestiya” qəzeti vizasız rejimin tətbiqi məsələsinin qeyri-müəyyən müddətə təxirə salındığını qeyd edir. Məlumata görə, Rusiya hökuməti, həmçinin, Türkiyədə olan ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək.

“Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil.

Nəşr qeyd edir ki, XİN indiyədək Rusiya vətəndaşlarına Türkiyəyə səfər etməməyi tövsiyə edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri