Azərbaycanda baş vermiş ana ölümü faktı ilə bağlı cinayət işi başlanıb

Respublika Perinatal Mərkəzində qeysəriyyə əməliyyatı zamanı xəstə Hüseynova Maral Ümidvar qızının ölüm faktı ilə bağlı cinayət işi başlanılıb.

Vəkil Cavad Cavadlının APA-ya verdiyi xəbərə görə, həmin işlə bağlı məhkəmə tibb ekspertizası keçirilib. Ekspertizanın rəyinə əsasən ölüm faktı həkimin səhlənkarlığı nəticəsində baş verib. Həmin işlə bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırma davam etdirilir.

Qeyd edək ki, bu il mayın 14-də Respublika Perinatal Mərkəzində ana və uşaq ölümü faktı qeydə alınıb.

1986-cı il təvəllüdlü Fətəliyeva Maral Ümidvar qızı əməliyyat zamanı vəfat edib. M. Fətəliyevanın dayısı Etibar Fətəliyev APA-ya açıqlamasında deyib ki, üçüncü dəfə ana olmağa hazırlaşan Maral 5 aylıq hamilə olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, NZS qəsəbə sakini, 26 yaşlı Maral Fətəliyeva əvvəllər də doğuş zamanı iki dəfə əməliyyat keçirib, uşaqlığında 2 çat olub. Mayın 14-də vəziyyəti ağırlaşdığından dərhal əməliyyata götürülüb. Görülən tədbirlərə baxmayaraq, ananı xilas etmək mümkün olmayıb. Ananın diaqnozu fəsadlaşmış mamalıq anemnizidir. Hadisə ilə bağlı iş tibbi ekspertizaya verilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri