MM İntizam Komissiyası deputat Astan Şahverdiyevin məsələsinə baxıb
- 27.12.2016, 16:56,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclası açan komissiya sədri Ağacan Abıyev deputat Astan Şahverdiyevin dekabrın 23-də “Azadlıq” radiosuna verdiyi müsahibənin kütləvi informasiya vasitələrində və ictimaiyyətdə geniş rezonans doğurduğunu söyləyib.
Bildirilib ki, deputatın məlum çıxışı cəmiyyətin əksər üzvləri tərəfindən birmənalı qarşılanmayıb, müsahibədə işlədilən bir sıra ifadələr onların heysiyyatına toxunub.
Komissiyanın sədri qeyd edib ki, “Deputatın statusu haqqında” qanuna görə, millət vəkilləri söylədikləri fikirlərə görə məsuliyyət daşımasa da, amma hər bir insanın daxili məsuliyyəti də var. Millətin ayrı-ayrı üzvləri, o cümlədən xaricdə yaşayan nümayəndələri barədə qeyri-etik ifadələrdən istifadə olunması qətiyyən yolverilməzdir.
İclasda çıxış edən Astan Şahverdiyev bu məsələ ilə əlaqədar mətbuata açıqlama verərək, səhvini başa düşdüyünü, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqdan üzr istədiyini söyləyib.
İntizam komissiyasının bütün üzvləri çıxış edərək deputat Astan Şahverdiyevin adı çəkilən müsahibəsi ilə əlaqədar son vaxtlar mətbu orqanlarda gedən yazılara fikirlərini bildirib, millət vəkilinin müsahibəsində işlətdiyi ifadələrin qəbuledilməz olduğunu bildiriblər.
İclasın sonunda İntizam komissiyasının adından deputata tövsiyə olunub ki, o, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə, məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin.
Astan Şahverdiyev deputatlar tərəfindən səslənən irad və fikirləri, İntizam komissiyasının qərarını qəbul edərək bu hərəkətinə görə ölkə daxilində və xaricində yaşayan azərbaycanlılardan, xalqdan bir daha üzr istədiyini ifadə edib və gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini vurğulayıb.