Faiq Ağayevin möhtəşəm konserti

Faiq Ağayevin möhtəşəm konserti Azərbaycanın xalq artisti Faiq Ağayevin dekabrın 29-u və 30-da Heydər Əliyev Sarayında "Made in Azerbaijan" adlı iki günlük konserti keçirilir.

Konsert öncəsi Faiq Ağayev sosial şəbəkələrdə bayram axşamına maraqlı tərzdə dəvət etdi: "Sənət - nağıldır, xəbərlər buraxılışı deyil. Burada məhəbbət də daha möcüzəli, qəzəb-nifrət də daha kəskin, qəhrəmanlıq da daha əzəmətli, ağılsızlıq da daha qabarıqdır. Mən bu sənətə zövqlə, həvəslə, inandırıcı olaraq, məharətlə nağıllar danışmağa gəlmişəm. Gəlin nağıları sevək! Çünki reallığımızı daha gözəl etmək üçün ən düzgün düstur, alət, təlimat və nümunədir nağıllar. Nağıllar olmasa, həyat çox rəngsiz, maraqsız və darıxdırıcı olar. Növbəti nağılım - #FA_made_in_Azerbaycan 29-30 dekabr, Heydər Əliyev Sarayı".

Konsert proqramında 20-dən çox kompozisiya təqdim edildi və tamaşaçılar onların arasında 90-cı illərin hitlərinin kaver-versiyalarını eşitdilər.

Xarici mütəxəssislərin üzərində işlədiyi səhnə dekorasiyaları parlaq video-illüstrasiya və qeyri-adi kompüter qrafikası ilə birlikdə LED-ekranlardan təşkil olundu. Artistin ifası zamanı monitorların özünəməxsus şousu bayram gecələrinə qeyri-adi qavrayış gətirdi və yenilik oldu.

Maraqlıdır ki, F.Ağayev Heydər Əliyev Sarayının səhnəsində üç ildir solo-konsertlə çıxış etməyib. O, daha əvvəl yaradıcılığının pərəstişkarları üçün başa çatmaqda olan ilin son günlərində ənənəvi musiqi bayramı təşkil edirdi. Məlum olduğu kimi, F.Ağayev dekabrın 29-da ad gününü qeyd edir və bu il onun 45 yaşı tamam olur. Üstəlik, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilir. "Made in Azerbaijan" konserti məhz bu əlamətdar tarixlərə həsr olunur.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri