Türkiyə Ali Təhsil Şurası Qafqaz Universiteti məzunlarının diplomlarının tanınmaması məsələsinə aydınlıq gətirib
- 13.01.2017, 23:16,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2016-cı ilə qədər Qafqaz Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 12 yanvar 2017-ci il tarixində "Yeni Şafak" qəzetində Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.
"Xəbərdə qeyd olunan məsələ Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) ilə dəqiqləşdirilib. YÖK-dən verilən məlumata görə, 2016-2017-ci tədris ilində Qafqaz Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq. 2016-cı ilə qədər məzun olan və təhsilləri davam edən tələbələrin diplomları isə tanınmayacaq", - deyə məlumatda bildirilir.
Azərbaycanın Türkiyə səfirliyindəki təhsil müşaviri Nəcibə Nəsibova APA-ya bildirib ki, bu qərar veriləndən sonra Türkiyə Ali Təhsil Şurasının üzvləri ilə görüşüb.
Onun sözlərinə görə, bu qərar barədə Azərbaycan Təhsil Nazirliyinə məlumat verilib: “Bu, tək Azərbaycan üçün verilən qərar deyil. Məlum siyasi hadisədən sonra Türkiyə Ali Təhsil Şurası dünyanın bütün ölkələrində olan belə universitetlərin diplomlarını tanımayacaq. Hansısa ölkədəki mövcud ali məktəblərdə rəhbərlik hələ də dəyişilməyibsə, onların diplomları bundan sonra da tanınmayacaq”.
N. Nəsibova vurğulayıb ki, məlum hadisələrdən sonra Qafqaz Universiteti ilə Türkiyə universitetləri arasında müəyyən qrant layihələri, tələbə mübadilələri, birgə müqavilələr dayandırılıb: “Bundan sonra Qafqaz Universiteti ilə universitetlərarası anlaşma, işbirliyi, əlaqələr bərpa ediləcək. Çünki bu universitet artıq tamamilə yeni formada fəaliyyət göstərir”.