Azərbaycanda əhali arasında qrip əleyhinə peyvəndləmə işlərinin dövlət tərəfindən aparılması nəzərdə tutulmur.
Bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
A.Əliyeva bildirib ki, dövlət səhiyyə müəssisələrində qripdən başqa, bütün peyvəndlər tam pulsuz vurulur. Dövlət tərəfindən aparılan immunoprofilaktika tədbirləri isə əsasən, 6 yaşadək uşaqlar üçün həyata keçirilir. Amma qripə qarşı planlı peyvəndləmə işlərinin aparılması nəzərdə tutulmur:
“Çünki hər il virusun tipi dəyişir. Ola bilər ki, vaksin həmin virusa təsir göstərməsin. Bu səbəbdən Azərbaycanda hələ ki, qripə qarşı peyvəndləmə işlərinin aparılması nəzərdə tutulmur. Amma əhalinin müəyyən qismi öz istəyi ilə özəl klinikalarda peyvənd olunurlar”.
A.Əliyeva bildirib ki, immunoprofilaktika məqsədi ilə istifadə edilən vaksinlər ölkəyə UNİCEF-in xətti ilə gətirilir və nazirlik tərəfindən tibb müəssisələrinə paylanılır. Qripə qarşı özəl klinikaların istifadə etdikləri peyvəndlər isə müxtəlif əzcaçı firmaların vasitəsilə gətirilir. Lakin ölkəyə gələn bütün vaksinlərin dövlət qeydiyyatı tələb olunduğu üçün onların hamısı SN-nin Analitik Ekspertiza Mərkəzində yoxlamadan keçirilərək qeydiyyata alınır:
“Qeydiyyata alındıqdan sonra özəl klinikalarda vaksinlərdən istifadə olunur. Hazırda özəl klinikalar qripə qarşı vaksiqripdən istifadə edirlər. Vaksiqriplər mövsümü qriplərə qarşı effektiv təsir göstərirlər”.
A.Əliyevanın sözlərinə görə, peyvəndin aparılması üçün ən yaxşı dövr avqustun sonu, sentyabr ayı və oktyabrın əvvəlləridir:
“Əgər hər hansı şəxs bu müddətdə peyvənd olunursa, ola bilər ki, qripdən qorunsun. Amma indi peyvəndin aparılması məqsədəuyğun deyil”.
Trend-in apardığı araşdırmadan məlum oldu ki, Bakıdakı özəl klinikaların əskəriyyəti qripə qarşı peyvənd aparmır. Digər klinikalar isə payızın əvvəlində peyvənd işi aparsalar da, hazırda peyvəndin qurtardığını bildirirlər.
Klinikalar arasında keçirdiyimiz sorğu zamanı bəlli oldu ki, ötən il bu müəssisələrin bəzilərində qripə qarşı peyvənd öncəsi həkim müayinəsinin aparılması (bu şərt daha çox uşaqlara aid idi) tələb olunsa da, bu il həmin şərtlər vacib deyil. Müraciət edənlər öz arzularına uyğun olaraq, peyvənddən əvvəl həkim müayinəsindən keçə bilərlər.
Peyvəndin qiymətinə gəldikdə isə, ötən illə müqayisədə qiymətlər artıb. Ötən il klinikalarda qripə qarşı peyvəndin ən aşağı qiyməti 12 manatdan başlayırdı və 20-25 manata da (10 manat həkim müayinəsinin qiyməti daxil olmaqla) peyvənd etdirmək mümkün idi. Lakin araşdırmalardan aydın oldu ki, bu mövsümdə ən ucuz peyvənd 30 manatdır (həm böyük, həm də kiçiklər üçün, bu qiymətə həkim müayinəsi daxil deyil). Ümumilikdə hazırda klinikalarda həkim müayinəsi olmadan yalnız peyvənd etdirmək üçün təklif olunan qiymətlər 30-42 manat arasında dəyişir. Həkim müayinəsindən keçmək istəyənlərdən isə əlavə olaraq, 30-40 manat ödəmək tələb olunur.