Mina: “Bekarçılıqdan ərə getmək istədim”

Mina: “Bekarçılıqdan ərə getmək istədim”


Live.Az gənc müğənni Nərminə Hüseynovanın (Mina) qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Üç ildir ki, müğənni kimi fəaliyyət göstərmirsiz, şou arenasından uzaqlaşmısız. Getmə səbəbiniz nədir?

- Mən üç il əvvəl filmə çəkilməyə başladım. Türkiyədən dəvət aldım, "Son məktub" filminə çəkildim. Çəkilişlər də elə orada baş tutdu. Çox düşündüm, qərara gəldim ki, Mina obrazından çıxmaq lazımdır. O obraz mənlik deyildi, özümü rahat hiss etmirdim. Çünki həmin obraz çox çılğın idi, mən isə sakit bir xarakterə sahibəm. Fikrim dəyişdi, məncə, özüm olmalıyam.

"Bekarçılıqdan ərə getmək istədim"

- Bu illər ərzində nə işlə məşğul olduz?

- Ancaq evdə oturdum, ev işləri ilə məşğul oldum (gülür). Hətta bir ara bekarçılıqdan ərə getmək istədim. Həqiqətən də bu sənət çox çətindir, maliyyə olmadan irəli getmək olmur. Gərək özün ayaqüstdə durasan, restoranlarda çıxış edəsən. Mən isə əvvəldən restoranlarda çıxış etməmişəm.

- Standartdan kənar bir obrazınız var idi. Sizin fərqli olmağınız tanınmağınızda xüsusi yer tururdu. Belə başa düşdüm ki, şou-biznesə qayıtmaq istəyirsiz. Mina tamamilə dəyişəcək?

- Tam fərqli bir Mina kimi qayıdıram. İstər mahnılarım, istər də obrazımda bunun şahidi olacaqsız.

""Sovetski" indi də arxamdadır, baxmayaraq ki, sökülür..."

- Düşünmürsüz ki, standart müğənnilər arasında itib-batacaqsız? Əvvəl ANS və "Sovetski" sizin arxanızda idi...

- "Sovetski" indi də arxamdadır, baxmayaraq ki, sökülür... Bizim məhəllə Suriyadır. Yuxarı məhəllələr sökülüb, bizim ərazi qalıb. Bakılılar bir az soyuq olur, ancaq insanları çox yaxşıdır. Xatirələrim zəngindir, uşaqlıq illərimi xatırlayıram. Qeyrətli məhəlləmiz var, orada yanlış etmək olmaz. Digər məsələdən danışım. Mən itib-batmayacağam, bundan da qorxmuram. Standart müğənni olmayacağam. Şıltaq qız dəyişdi, artıq xanım-xatun olmağa çalışacağam. Məsələn, Sılanın obrazını, ifa tərzini çox bəyənirəm. Özümü bənzətmək istəmirəm, sadəcə bir misal kimi çəkirəm. Bundan əlavə, Natavan Həbibi, xalam qızı Elnarə Xəlilovanın ifa etdiyi mahnıları dinləyirəm. İndi tanınmış bir prodüserlə əməkdaşlıq etmək istəyirəm, artıq danışmışıq. Sadəcə olaraq o, başqa sənətçi ilə çalışır, ondan da icazə almalıdır.

- Bir vaxtlar Elnarə ilə aranızda soyuq küləklər əsirdi. Məsələ nə yerdə qaldı?

- ANS vaxtında kiçik problem yaranmışdı. Elnarə məni ANS-ə aparmışdı, onlarla tanış etmişdi. Onun isə rəhbərliklə iki illik müqaviləsi var idi. ANS həm də Elnarənin də olduğu "Qan" qrupunun müəllifi idi. Ancaq kanal rəhbərliyi Mina obrazı ilə bağlı planlarını önə, "Qan" qrupunu isə arxa plana salmışdı, xalam qızı da uzaqlaşdı. Aramızda ciddi problem yaranmayıb, sadəcə olaraq ona pis təsir etdi. Neçə illərdir ki, bu sənətdədir. Əlbəttə, pis təsir edəcək. Mənə də hər zaman dəstək olub. Sadəcə olaraq ilk konsertim olmuşdu, gəlməmişdi. Bu səbəbdən incidim, daha sonra barışdıq. Onun övladları bizə gəmişdi, uşaqlarla oynadım, özünü də gördüm. İnciklik aradan qalxdı.

- Əvvəl qalmaqallı və sosial problemləri əks etdirən mahnılar oxuyurduz. İndi isə sevgi mahnıları ifa edirsiz. Problemlər bitib, yoxsa Mina artıq sevir?

- Düzdü, problemlər var. Ancaq mən sevməyə başlamışam (gülür). Bundan sonra sevgi mahnıları ifa etməyə, oxumağa davam edəcəyəm. İndi isə xəbər portallarını oxuyuram, sosial problemləri oxuyub keçirəm. Nə mahnı oxumaq, nə də bir paylaşım etmək fikrim var.

- Şou-biznesi 3 ildir ki, kənardan izləmisiz. Nə qənaətə gəldiniz?

- Düşünürəm ki, bir şirkət mənə təklif etsə ki, səndən Rihanna, Beyons edəcəyik, ancaq ailə həyatı qurma! Əlbəttə, birinci düşünərəm, son cavabım isə ailə qurmaq olar. Analizlərimin nəticəsi olaraq belə düşünürəm. İnsanların əksəriyyəti müğənnilərə yaxşı baxmır. Sənətçiləri yox, insanların baxış tərzini pisləyirəm. Bu sənətə pis baxmaq düzgün deyil. Müğənnilərin bəziləri yanlış hərəkət edirlər, özlərini düzgün aparmırlar.

- Bir çox musiqilərdə ciddi şəkildə məmurlar tənqid olunurdu. Bununla bağlı sizə təzyiqlər olmayıb?

- Heç bir təzyiq olmayıb. Mənim əməkdaşlıq etdiyim şirkət var idi, onlarla müqavilə imzalamışdım və arxamda dayanırdılar. Heç kim mənə bir söz demirdi, məmurlar da bilirdilər ki, məsələ mənlə bağlı deyil. Bu, ANS-in layihəsi idi.

"ANS-in sayəsində həm ad, həm də pul qazandım"

- Mənə maraqlıdır ki, siz həmin layihədən qazanc əldə edə bildiz?

- Əlbəttə, xeyli qazandım. O vaxt 18 yaşım var idi. Bu yaşda olan bir gənc qız üçün çox qazandım. Düzdü, qazancımın miqdarını demək qeyri-etik çıxar. ANS-in sayəsində həm ad, həm də pul qazandım. Demək olar ki, ANS mənə bir məktəb oldu.

- Kanal qərarla bağlandı, siz ANS-in yetirməsi kimi məlum hadisədən sonra əlaqə saxlamısız?

- Çox pis oldum, ANS mənim evimdir. Onlar hər zaman mənə dəstək olub, mən də onlara dəstəyəm. Rəhbərliklə əlaqə saxladım, indi də ANS-çilərlə münasibətim var. Allah köməkləri olsun.

- Əvvəl özünüzə "Sovetski" ləqəbini götürmüşdüz, indi isə sosial şəbəkələrdə "Hüseyn" kimi qeyd etmisiz.

-"Sovetski" söküldüyü üçün ləqəbiniz də yoxa çıxdı?

- "Sovetski" ləqəbi Mina obrazına uyğun idi. Qaqaş kimi qız idim, amma obrazdan çıxanda ləqəbimi də dəyişdim. Əslində adım Nərminədir, Mina səhnə adımdır. Keçmişdən təkcə adım qalıb. Soyadım Hüseynovadır, qısaldaraq Hüseyn kimi qeyd etmişəm.

"İndi kliplərimə baxanda utanıram..."

- Sizin "Varlı" adlı mahnınız var. Həmin musiqi parçasında 18+ sözlərə rast gəlmək mümkün idi. Ancaq ikibaşlı sözlərdən istifadə edirdiz...

- Həmin mahnıların müəllifi mən deyiləm, layihə çərçivəsində yazılırdı, ifa edirdim. Gənc idim, 18 yaşım vardı. Mahnılar da obrazıma uyğun seçilirdi. İndi isə böyümüşəm, belə mahnılar oxumaq istəmirəm. Bunu yaşımla əlqələndirirəm.

Kliplərim var ki, indi baxanda utanıram. Hər kəsin başına belə şey gələ bilər. Bəzən insan uşaqlıq fotolarına baxanda belə utanır. Kimsə klipə baxanda deyirəm ki, bağlayın, görmək istəmirəm. O da bir obraz idi, vermişdilər, mən isə oynadım

"İstəmirəm ki, hansısa bir deputat məni "saxlasın""

- "Varlı" mahnısında müğənnilərin həyat tərzinə də söz atmışdız. Eyni taleyi yaşamaqdan qorxmursuz?

- Çirkin yollarla özümə ad qazanmaq istəmirəm. İstəmirəm ki, hansısa bir deputat məni "saxlasın". Öz gücümlə işlərimi görmək niyyətindəyəm. Yəni şou proqrama gedərəm, 50 manat qazanaram, onları yığıb işimi görərəm. Bunlar alınmasa, demək ki, alın yazımda bu sənətlə məşğul olmaq yoxdur.

"Türkiyədə bir həftəyə 5 min dollar qazandım"

- Eyni zamanda aktrisa kimi fəaliyyət göstərmisiz...

- Aktrisa olmağımda Vahid Mustafayevin böyük rolu var. İlk filmim "Xoca" olub. Hətta filmin mahnısını da ifa etmişəm. "Santa Barbara" serialının qəhrəmanı, aktyor Lane Davisdən bu sahəylə bağlı təhsil almışam. Diplomum var. İndi yeni serial var. Türkiyə şirkəti ərsəyə gətirir, hazırlaşırlar, rol alacağam. Hətta, "Son məktub" filmini 6 il sonra çəkməyə başlayıblar. Bizdə isə fərqlidir, 6 ay sonra filmi təqdim edirlər. Fərq çoxdur, aktrisaya böyük qiymət verirlər. Onlar 6 il ssenari, geyimlərə hazırlaşırlar. İndi onlarla münasibətim var. ANS şirkəti vasitəsiylə ora getmişdim, qonorar da almışdım. Təxminən, çəkilişlər 1 həftə davam etdi, 5 min dollar qazandım.

- Son zamanlar ölkədə serial və film sektorunda canlanma baş verib. Efirdən uzaq olduğunuz bir müddətdə təkliflər oldumu?

- Bəli, "Kölgə" serialından təklif almışdım, bundan əlavə, "Bozbash Pictures" mənə müraciət etmişdi. Həmin film montajdadır, çəkilmədim. Obraz mənə yad idi. Açıq-saçıq və dəlisov bir qız obrazı idi. Üç ildir ki, evdəyəm, artıq fikirlərim dəyişib. Qardaşım, ailəm var. Elə vaxtilə onlar da "Dur oppan" və s tipli mahnı oxumağımın əleyhinə idilər. Amma ailəm mənə hər zaman dəstək olub, Elnarə də onlara deyirdi ki, qoyun, oxusun. Daha böyüdüm, belə tipli mahnılar oxumağa icazə vermədilər. Ümumiyyətlə, ailə qursam, bu sənətlə məşğul olmayacağam. Ancaq evdar xanım olmaq istəyirəm. Bu sənətdən iyrənmişəm. İndi həm müğənni kimi fəaliyyət göstərmək, həm də şəxsi həyatımda irəliləmək istəyirəm. Hansı daha uğurlu olsa, seçimimi elə edəcəm.

- Evdə sizə Elnarəni misal göstərirlər?

- Bəli, həm ailəlidir, həm də sənətini davam etdirir. Maşallah, 4 övladı var. Görək, uğurlu olacağına inanıram.


Mina: “Bekarçılıqdan ərə getmək istədim”


Mina: “Bekarçılıqdan ərə getmək istədim”


Mina: “Bekarçılıqdan ərə getmək istədim”


Mina: “Bekarçılıqdan ərə getmək istədim”


Mina: “Bekarçılıqdan ərə getmək istədim”


Mina: “Bekarçılıqdan ərə getmək istədim”
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri