Bakı-Tiflis-Qars dəmir yolunda ilk relslər qaynaq olundu

Bakı-Tiflis-Qars dəmir yolunda ilk relslər qaynaq olundu Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunda ilk relslər qaynaq olunub. ANS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, layihənin həyata keçməsi ilə bağlı təşkil edilən mərasimdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmdədov, Türkiyənin nəqliyyat, dənizçilik və informasiya naziri Binali Yıldırım və Gürcüstanın iqtisadiyyat naziri Georgi Kivirikaşvili iştirak ediblər.

Tədbirdə çıxış edən Z. Məmmədov üç dövlətin dəmir yolu dəhlizini yaratmaqla Asiya ilə Avropanı birləşdirdiklərini bildirib: “Burada insanlar bir bölgədən digərinə getmək üçün imkanlar əldə edəcək. Yüklərin daşınması üçün iş adamları bu dəhlizin imkanlarından istifadə edəcək. Öz büdcələrini zənginləşdirəcək. Bu layihənin, bu ölkə üçün, bu bölgə üçün çox əhəmiyyət daşıdığını bir daha dilə gətirərək vurğulamaq istəyirəm ki, burada çalışan bütün insanlar çox böyük tarixi iş görürlər. Bu insanların əməyi tarixə yazılacaq”.

Türkiyəli nazir Binali Yıldırım da çıxışında layihənin əhəmiyyətindən danışıb: “Bu yalnız Azərbaycanın, Gürcüstanın, Türkiyənin layihəsi deyil; Şərqi Asiya ölkələrinin layihəsidir, Çinin, Balkan ölkələrinin, Orta şərq ölkələrinin, hətta Avropa Birliyi ölkələrinin layihəsidir. Bu layihə tamamlananda hamıya açıq olacaq. Bölgənin, o cümlədən də ölkələrimizin rifahı daha da artacaq. Daha çox dostluqlar qurulacaq”.

B. Yıldırım 73 kilometrlik yol üzərində ilk relsləri döşədiklərini və qaynaq etdiklərini bildirib. Nazir bu zaman ətraf mühitə zərər verməmək üçün ən çətin yolu seçdiklərini qeyd edib. O, 73 kilometrlik xəttin 24 kilometrinin tunel olduğunu vurğulayıb.

Tədbirin sonunda hər üç nazir relslərin üzərində olan maşından istifadə edərək ilk qaynağı birlikdə ediblər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri