Cənubi Koreya korrupsiya qalmaqalı böyüyür, qadın nazir həbs edilib

Cənubi Koreyanın adı korrupsiya qalmaqalında hallanan mədəniyyət, turizm və idman naziri Ço Yun Sun həbs edilib.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, qadın nazir hakimiyyətin yüksək eşelonlarında korrupsiya qalmaqalı ilə bağlı xüsusi komissiyanın sorğusu əsasında həbs edilib.

Ço Yun Sun ölkə prezidenti Pak Kın Henin əleyhinə olan mədəniyyət xadimlərinin “qara siyahısı"nın tərtib edilməsində şübhəli bilinir.

9400-dən çox artist, musiqiçi və mədəniyyət xadiminin adı olan siyahı həmin insanların bütün dövlət subsidiyaları və yardımlardan kənarlaşdırılması məqsədi ilə hazırlanıb.

Ço Yun Sun ölkə tarixində vəzifə başında həbs olunan ilk nazirdir.

Məhkəmə Prezident Administrasiyasının sabiq rəhbərinin həbs edilməsi barədə də qərar verib.

Qeyd edək ki, ötən ilin payızında Cənubi Koreyada prezidentin ən yaxın rəfiqəsi Tsoy Sun Sil ətrafında yaranan korrupsiya qalmaqalı səngimək bilmir.

Hüquq-mühafizə orqanları onu heç bir hökumət vəzifəsi tutmadığı halda, prezidentin siyasi qərarlarına təsir etməkdə və prezidentlə yaxınlığından istifadə edərək Cənubi Koreyanın korporasiyalarından iri məbləğdə pul vəsaitləri tələb etməkdə şübhəli bilinir.

Onun həbsindən sonra ölkə prezidentin bu məsələlərdən xəbərdar olmasına dair şübhələr meydana çıxıb.

Ötən ilin sonunda prezident Pak Kın Hey barəsində impiçment elan olunub. Hazırda prezidentin səlahiyyətlərini ölkənin baş naziri Hvan Gyö An icra edir. Konstitusiya Məhkəməsi prezident barədə impiçment qərarını təsdiqləsə, iki ay ərzində ölkədə prezident seçkiləri keçiriləcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri