"Unibank" Almaniyanın DEG korporasiyası ilə kredit sazişinin müddətini uzadıb
- 28.06.2013, 16:04,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Unibank" və Almaniyanın DEG investisiya korporasiyası arasında 15 milyon manat dəyərində subordinasiya kreditinin müddətinin daha 6 il uzadılması barədə müqavilə imzalanıb.
Trend-in məlumatına görə, sənədi "Unibank"ın İdarə Heyətinin sədri Faiq Hüseynov və DEG-in İdarə Heyətinin üzvü Filipp Kroyts imzalayıblar.
Hüseynov imzalanma mərasimində bildirib ki, ayrılmış vəsait kiçik və orta biznesin mikromaliyyələşdirilməsinə və dəstəyinə ayrılacaq.
Hüseynov deyib: "Əməkdaşlığımız 2005-ci ildən etibarən davam edir. Həmin zaman DEG 8,33 faiz payı əldə etməklə bankın səhmdarlarından biri oldu. 2008-ci ildə imzaladığımız kredit sazişinin müddətini bu gün daha 6 il uzadırıq. Bu illər ərzində DEG-dən alınan pullara 100-dən artıq layihə maliyyələşdirilib. Bütün bunlar ondan xəbər verir ki, biz DEG-i etibarlı tərəfdaş kimi nəzərdən keçiririk və gələcəkdə əməkdaşlığın davamına və genişlənməsinə ümid edirik".
Kroyts isə öz növbəsində bildirib ki, bank qeyri-kommersiya institutu deyil, inkişaf bankıdır: "Biz baxışlarımızı, dəyərlərimizi və fikirlərimizi bölüşən tərəfdaşların daim axtarışındayıq. Prioritetimiz uzunmüddətli əməkdaşlıqdır və "Unibank" ilə qarşılıqlı fəaliyyətimizin davamına görə məmnunuq".
Onun sözlərinə görə, hazırda Azərbaycanda bankların depozit portfelinin artması müşahidə edilir və "Unibank"da bu, bankın fəaliyyəti tarixində ən yüksək səviyyəyə - 300 milyon manata çatıb.