Gülüstan sarayı ətrafındakı sürüşmə ilə bağlı son durum

"Gülüstan sarayının ətrafı və Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsindən Teleteatra tərəf olan hissədə sürüşmənin qarşısı alınıb. Burada artıq yenidən sürüşmənin olacağı gözlənilmir".

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, Gülüstan sarayının ətrafı və Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsindən Teleteatra tərəf olan hissəsi əvvəl sürüşmə sahəsi kimi qiymətləndirilsə də, son vaxtlar ərazidə görülən tədbirlərdən sonra - istinad divarları tikildikdən, yaşıllıq zonası salındıqdan sonra burada avtikləşmə müşahidə edilmir: “Gülüstan sarayının ətrafı və Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsinin aşağı hissəsi bir sürüşmə sahəsi hesab edilir. Biz daimi olaraq bu sürüşmə ərazisində, eləcə də Bayıl yamacında müşahidələr aparırıq. Lakin həmin ərazilərdə hələlik aktivlik qeydə alınmayıb”.

R.Həsənov bildirib ki, Gülüstan sarayı ətrafındakı sürüşmə sahəsində əhali məskunlaşmadığına görə orada ərazinin təsərrüfat, məişət suları və s. ilə yüklənməsi baş vermir:

“Başqa sözlə, antropogen təsirlər olmadığına görə, bu sürüşmə sahəsində vəziyyət stabildir. Burada insan yaşamadığından və bu səbəbdən də əlavə yüklənmə yaranmadığından biz Gülüstan sarayının ətrafı və Şəhidlər Xiyabanındakı “Əbədi məşəl” abidəsindən Teleteatra tərəf olan hissədə yenidən aktivləşmənin olacağı barədə proqnoz vermirik”.

R.Həsənov bildirib ki, Gülüstan sarayı ətrafında sürüşmə həmin sahənin özünün ağırlıq qüvvəsindən yaranmışdı:

“Bu ərazinin geoloji quruluşu fərqlidir. Orada yerin təxminən 8-10 metr dərinliyində gil təbəqəsi var. Gil təbəqəsi isə suyu ötürmür, onu özündə saxlayır. Ona görə də atmosfer yağıntılarının təsirindən üst təbəqənin kütləsi həmin layın üzərindən sürüşürdü. İstinad divarının tikilməsilə isə bu təbii prosesin qarşısı alınıb”.
Şərhlər
Sosial bölməsinin xəbərləri