Azərbaycanda siqaret çəkən qadınların statistikası açıqlandı
- 30.01.2017, 12:02,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında ötən il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, ölkədəki 13-15 yaşlı yeniyetmələrin 10,3%-i, əsasən oğlanlar nə vaxtsa siqaret çəkib və onların 32,6%-i 10 yaşadək bunu edib.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri müavini Tofiq Musayev "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.
T.Musayev əlavə edib ki, hazırda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Araşdırmaların nəticələrinə görə, 13-15 yaşlıların 28,8%-i evdə, 40,8% -i isə qapalı ictimai yerlərdə tütün tüstüsünün təsirinə məruz qalırlar. Siqaret çəkməyənlərin 8 faizi növbəti il ərzində siqaret çəkməyə başlaya bilər.
T.Musayevin sözlərinə görə, siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha çəlbedici görünür.
T.Musayev qeyd edib ki, ümumilikdə Azərbaycanda yaşı 15-dən çox olan kişilərin 36-%-i siqaret çəkir. Siqaret çəkən qadınların sayı isə heç 1%-ə çatmır. Araşdırmaların nəticələrinə görə, kişilərin 77%-i ictimai yerlərdə, qadınların 41%-i evdə tütün tüstüsünün təsirinə məruz qalırlar: "Siqaret çəkənlərin 40% -i siqareti evdə çəkməklə ailə üzvlərinə təhlükə törədir. Qeyd edim ki, ağciyər xərçəngindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də tütün çəkmə risk amili mövcuddur”.