İsrail prezidenti baş nazirin sosial şəbəkədəki statusuna görə Meksikadan üzr istəyib

İsrail prezidenti Reuven Rivlin baş nazir Binyamin Netanyahunun sosial şəbəkədə qalmaqala səbəb olmuş statusuna görə meksikalı həmkarından üzr istəyib. APA-nın “RİA Novoti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir. Meksika rəhbərliyi Netanyahunun paylaşdığı statusda ABŞ-ın bu ölkə ilə sərhəddə divar ucaltmaq planlarına dəstək ifadə olunduğunu iddia edir.

“Mən, bu anlaşılmazlıq nəticəsində dəyən istənilən ziyana görə üzr istəyirəm, biz unutmamalıyıq ki, söhbət anlaşılmazlıqdan gedir. Mən əminəm ki, biz bu mərhələni adlaya biləcəyik”, - deyə Reuven Rivlin meksikalı həmkarı Enrike Penya Nyeto ilə telefon danışığı zamanı bildirib.

“Mən əminəm ki, heç kim İsrail və Meksikadakı vəziyyətlər arasında paralel aparmaq niyyətində olmayıb”, - deyə o əlavə edib.

P.Nyeto Netanyahunun statusunun iki ölkə münasibətlərinə zərər vurduğunu bildirsə də, Meksikanın İsraillə münasibətlərinin yaxşı səviyyədə olmasında maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu bir neçə gün əvvəl sosial şəbəkədə dərc etdiyi statusda ABŞ prezidenti Donald Trampın qanunsuz miqrasiya ilə mübarizə üçün Meksika ilə sərhəddə divar ucaltmaq qərarını “əla ideya” adlandırıb.

“Prezident Donald Tramp düzgün qərar verib. Mən İsrailin cənub sərhədi boyu sədd uçaltdım. Bu qanunsuz miqrasiyanın axınını tamamilə dayandırdı. Əla nəticədir. Əla ideyadır”, - deyə Netanyahu bildirib.

Netanyahu İsrailin təcrübəsinə istinad edərək bu qərarın effektivliyini vurğulayıb. Belə ki, Misirlə sərhəddə sədd ucaldan İsrail Afrikadan miqrant axınını sıfıra endirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri