ABŞ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP marşrutunun seçilməsini müsbət dəyərləndirir
- 29.06.2013, 00:26,
- Hadisə / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP marşrutunun seçilməsini müsbət dəyərləndirir. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Patrik Ventrell deyib.
"Bu gün "Şah Dəniz" yatağının səhmdarları hasil edilən qazı Avropa bazarına çıxarmaq üçün TAP marşrutunu seçiblər. Bu addım həm Azərbaycan üçün əhəmiyyətli nailiyyətdir, həm də Xəzər qazının Avropaya çatdırılması üçün Cənub qaz dəhlizinin reallaşdırılması üzrə irəliyə atılmış mühüm addımdır" - Ventrell bildirib.
Vurğulanıb ki, ABŞ-ın dəstəklədiyi Cənubi Qafqaz qaz kəmərinin genişlənməsini nəzərdə tutan Cənub qaz dəhlizi Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçməklə, Trans-Anadolu qaz kəməri vasitəsilə Avropaya qaz nəqlinin yeni mənbəyini formalaşdırır.
"Bu addım 2009-cu ildə qəbul edilmiş "AB-nin üçüncü enerji paketi" çərçivəsində Avropanın enerji resurslarının diversifikasiyasını, həmçinin, rəqabət və ticarət səylərini gücləndirir. Eyni zamanda, Xəzər qazının Avropaya nəqli üçün TAP-ın seçilməsi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji resurslarının çatdırılmasında əhəmiyyətli addımdır" - o, deyib.
"Cənub qaz dəhlizi Avropaya enerji resurslarını nəql etməklə bərabər qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Xəzər qazını beynəlxalq bazara çıxaran dəhliz həmçinin, iqtisadiyyatın dayanıqlı inkişafına təsir göstərən qlobal enerji tələbatını da formalaşdırır. ABŞ Cənub qaz dəhlizinin əhəmiyyətini geniş mənada yüksək dəyərləndirir" - deyə Ventrell əlavə edib.
Ventrell qeyd edib ki, ABŞ Azərbaycan hökumətini və "Şah Dəniz" konsorsiumunu mühüm nailiyyətlə əlaqədar təbrik edir.