Yol polisi: Piyadaların 50 faizi cəriməni ödəmirsə, deməli, onlarda arxayınlıq yaranıb

Yol polisi: Piyadaların 50 faizi cəriməni ödəmirsə, deməli, onlarda arxayınlıq yaranıb “2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada yol-hərəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Ancaq onlardan 50 faizə qədəri cərimələri ödəməyib”.

Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, əgər 50 faizə qədər insan cəriməni ödəmirsə, deməli, artıq piyadalarda arxayınlıq yaranıb: “Araşdırmalar zamanı müşahidə edirik ki, bəzi piyadalar müxtəlif vaxtlarda eyni yerdə ardıcıl xətalar törədib. Qara Qarayev və Neftçilər prospektlərində 6-7 piyada il ərzində qaydanı pozub, 4-5 dəfə onların barəsində protokol tərtib edilib, amma cərimələri ödəməyiblər. Piyadaların arxayın olub qaydaları pozmaları onların avtomobillərlə vurulması hallarının artmasına səbəb olur. Bu baxımdan cərimələrin ödənilməsi mexanizmində yeniliklər edilməlidir”.

V.Əsədov vurğulayıb ki, 20-31 yaş həddi arasında piyadalara tərtib edilmiş protokollar daha çoxluq təşkil edir: “Onlar arasında işləyənlər də, təhsil alanlar da çoxdur. Cərimələrlə bağlı piyadaların iş yerlərinə, təhsil müəssisələrinə məlumat vermək mümkündür. Eyni zamanda, piyadaların məsuliyyətini artırmaq üçün digər müəssisələrə də müraciət etmək mümkündür. Banklar kredit verərkən həmin şəxsin cəriməsinin olub-olmamasına diqqət yetirsin və cərimələrin olduğunu xatırlatsın. Yəni, əgər vətəndaşın yol-hərəkət qaydasını pozduğuna görə cərimə borcu varsa, bu hər yerdə, o cümlədən notariat kontorlarında, mənzil-istismar sahələrində sənəd alarkən, digər dövlət və qeyri-dövlət müəssisələrinə müraciət edərkən, xaricə səfər edərkən üzə çıxmalıdır ki, piyada məsuliyyətini anlasın və bir daha qaydanı pozmasın. Bu hallar nəzərə alınarsa, hesab edirəm ki, piyadaların avtomobillərlə vurulması xeyli azalar. Əsas məqsədimiz piyadaların avtomobillərlə vurulması hallarının sayını azaltmaqdır”.
Şərhlər
Sosial bölməsinin xəbərləri