Psixotrop maddələrin satışına xüsusi icazə verilən apteklərin sayı açıqlanıb
- 09.02.2017, 11:48,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 8 topdansatış müəssisəsinin psixotrop maddələrin idxalı, 10-dan artıq aptekin isə həmin maddələrin pərakəndə satışı ilə məşğul olmaq üçün xüsusi icazəsi var.
Bunu Trend-ə Səhiyyə Nazirliyi (SN) Respublika Narkoloji Dispanserin direktoru Telman Məmmədhəsənov deyib.
Onun sözlərinə görə, dövriyyəsinə nəzarət olunan psixotrop maddələrin topdansatış müəssisələri tərəfindən idxalı, apteklərdə pərakəndə satışı xüsusi icazə əsasında tənzimlənir: “Xüsusi icazəsi olan topdansatış müəssisələri həmin dərmanları respublikaya idxal edir. Apteklər isə xəstələr üçün onların dövsiyyəsini xüsusi resept əsasında təşkil edir. Xəstələr vaxtlı-vaxtında lazım olan dərmanlarla təmin olunurlar”.
T. Məmmədhəsənov qeyd edib ki, dövlət tərəfindən 23 adda prekursor təsdiqlənib. Onların respublikaya idxalı isə artıq xüsusi icazə ilə deyil, xüsusi lisenziya ilə tənzimlənir: “Prekursorlar da əsasən tibbdə deyil, sənayedə istifadə olunan kimyəvi maddələrdir. Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da onların idxalı və ixracı dövlət tərəfindən tənzimlənir”.
Xatırladaq ki, Respublika Narkoloji Dispanseri dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya ( xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisədir.