PA şöbə müdiri vətəndaşların daha çox hansı tikinti şirkətlərindən şikayət etdiyini açıqlayıb

PA şöbə müdiri vətəndaşların daha çox hansı tikinti şirkətlərindən şikayət etdiyini açıqlayıb “2016-cı ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər”.

APA-nın xəbərinə görə, bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun Azərtac-da dərc olunan təhlil yazısında bildirilib. Yazıda qeyd olunub ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir: “Bunlardan “Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik. Son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi başlanıb, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. Məsələn, 2016-cı ildə “MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilib, digər MTK-ların - “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2”, “Ulduz-S”, “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri başlanıb, bu cinayət işlərinin bəzisi artıq yekunlaşıb, təqsirli şəxslər cəzalandırılıblar.

Azərbaycan prezidentinin 2017-ci il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, bu il mənzil tikintisi sahəsində böyük canlanma baş verəcək, sosial evlərin tikintisinə başlanacaq və köhnə yaşayış sahələrinin yerində tikilən binalarda həmin ərazidə yaşayan sakinlərin mənzillə təminatının yeni qaydaları tətbiq olunacaq”.
Şərhlər
Sosial bölməsinin xəbərləri