Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır [Yenilənib 3]

Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır [Yenilənib 3] Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır.

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O qeyd edib ki, Şəmkr-Gədəbəy və Gəncə-Qazax magistralında nisbətən buzlaşma müşahidə olunur. Buna baxmayaraq, respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

K. Əliyev sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən istifadə etməməyi, nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi tövsiyə edib.

K. Əliyev qeyd edib ki, ötən gün respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.


***


Bakının əsas yollarında sürət həddi azaldılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu addımın atılmasına səbəb hava şəraitinin kəskin pisləşməsidir.

"Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət daha 40 km/saat endirilib", - deyə qurumun açıqlamasında bildirilir.


****

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.


Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.


BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır.


"Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik", - deyə qurumun açıqlamasında bildirilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri