Səhiyyə Nazirliyi: Əsas təhlükə 14-16 yaşlı uşaqlarla bağlıdır

Səhiyyə Nazirliyi: Əsas təhlükə 14-16 yaşlı uşaqlarla bağlıdır Azərbaycanda uşaqların tütünçəkmə kimi zərərli vərdişlərə yiyələnməsinin qarşısını almaq üçün kompleks işlər aparılmalıdır.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib.

Onun sözlərinə görə, əsas təhlükə yeni insanların, xüsusilə yeniyetmələrin bu zərərli vərdişə yiyələnənlərin sırasına qoşulmasıdır: “Əsas qorxu məktəbin son siniflərində oxuyan - 14-16 yaşlı uşaqlarla bağlıdır. Çalışmaq lazımdır ki, uşaqlar bu zərərli vərdişə yiyələnməsinlər. Məktəblərdə bununla bağlı maarifləndirmə işləri aparılır və onlara bunun zərəri başa salınır. Amma deyə bilmərəm ki, bu işlərin müsbət nəticəsi var, ya yox. Bunun üçün geniş sorğu aparılmalıdır”.

Onun sözlərinə görə, bəzi ölkələrdə olduğu kimi, Azərbaycanda da müəyyən yerlərdə tütündən istifadəyə qadağa qoyulub: “Amma daha yaxşı nəticə əldə etmək üçün bu istiqamətdə işləri kompleks şəkildə davam etdirməliyik. Siqaretlərin açıq vitrinlərdə satışına tam qadağanın qoyulması düzgün deyil. Ancaq qiymətlərin qaldırılması alıcıların sayını azalda bilər. Belə olduqda xüsusilə uşaqların siqaret almağa pulu çatmaya bilər. Əlbəttə ki, bu da sonda yaxşı nəticələr verə bilər”.

Qadınların siqaret çəkdiklərini əksər hallarda etiraf etmədiklərini deyən A.Hacıyev qeyd edib ki, Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

Milli koordinatorun sözlərinə görə, son illər ərzində qadın və kişilər arasında siqaret çəkmə üzrə nisbət göstəricisi demək olar ki, dəyişməyib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının xüsusi metodologiyası əsasında 2016-cı il ərzində keçirilən araşdırmanın nəticələrinə görə, ölkədəki 13-15 yaşlı yeniyetmələrin 10,3%-i, əsasən oğlanlar nə vaxtsa siqaret çəkib və onların 32,6%-i 10 yaşadək bunu edib. Hazırda 13-15 yaşlı uşaqların 7,3 faizi bu və ya digər formada tütün məmulatından istifadə edirlər. Araşdırmaya əsasən, siqaret çəkən yeniyetmələrin 19 faizi elə hesab edir ki, siqaret çəkənin daha çox dostu olur, 29,2 faizi isə elə fikirləşir ki, siqaret çəkənlər daha cəlbedici görünür.

Dövlət Statistika Komitəsinin 2015-ci ildə ev təsərrüfatları tədqiqatlarının məlumatlarına əsasən müəyyənləşdirdiyi göstəricilərə əsasən, Azərbaycanda 15 və daha yuxarı yaşda olan əhali arasında siqaret çəkənlərin göstəricisi 35,5 faizdir. Siqaret çəkənlərin 0,4 faizi 15-19 yaş arasında olan oğlanlardır. Siqaret çəkənlərin 15,2 faizi 20-44, 24,1 faizi 45-64 yaşlı, 16,6 faizi isə yaşı 65-dən çox olan kişilərdir.

Qadınlar gündə orta hesabla 20, kişilər 15,9 ədəd siqaret çəkirlər.
Şərhlər
Sosial bölməsinin xəbərləri