İğdırdakı ağır yol qəzasında ölən Azərbaycan vətəndaşlarından 2-nin şəxsiyyəti müəyyənləşdi [Yenilənib]
- 20.02.2017, 18:21,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.
Trend-in məlumatına görə, hadisə nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.
Qeyd edək ki, bundan əvvəl qəza nəticəsində 5 Azərbaycan vətəndaşının öldüyü bildirilirdi. Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır.
***
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarının sayı 5 nəfərə çatıb.
Bu barədə Trend-ə İğdır Səhiyyə İdarəsindən məlumat verilib.
Hadisə nəticəsində 28 nəfər xəsarət alıb ki, onlardan 26-sı Azərbaycan vətəndaşıdır.
***
“İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı var”.
Bu barədə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü bildirib: “Onlardan neçəsinin Azərbaycan vətəndaşı olması Türkiyənin müvafiq orqanları ilə dəqiqləşdirilir. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.
***
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ümumilikdə 20 nəfər yaralanıb, 7 nəfər ölüb.
Bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev məlumat verib.
O bildirib ki, ölən və yaralanan azərbaycanlıların sayı və şəxsiyyəti dəqiqləşdirilir: “Ölən və yaralananlar arasında azərbaycanlıların sayı böyük ehtimalla çox olacaq. Çünki Naxçıvana gedib-gələn xətt olduğuna görə orada sərnişinlərin böyük əksəriyyəti Azərbaycan vətəndaşı olur”.
***
İqdır-Naxçıvan avtomobil yolunda baş verən qəzada ölən və yaralananlar arasında azərbaycanlılar da var.
Bu barədə APA-ya Azərbaycanın Qarsdakı Baş konsulluğundan məlumat verilib.
***
Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığındakı yolda ağır yol qəzası baş verib.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, İqdır rayonunun Aralıq rayonu və Dilucu sərhəd-keçid məntəqəsi arasındakı yolda iki sərnişin avtobusu toqquşub.
Qəzaya səbəb havanın dumanlı olması və ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub.
İqdır Valisi Əhməd Turqay Alpman qəza nəticəsində 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.
Qəza yerinə çoxlu sayda təcili yardım və polis maşınları göndərilib. Toqquşan avtobuslarda sıxılmış vəziyyətdə qalan yaralılar var. Hazırda həmin yaralıların xilas edilməsi yönündə tədbir görülür.