Nağd əməliyyatları məhdudlaşdırmaq istəyən Rusiya Azərbaycan təcrübəsini öyrənir

Nağd əməliyyatları məhdudlaşdırmaq istəyən Rusiya Azərbaycan təcrübəsini öyrənir Rusiyanın İqtisadi İnkişaf və Maliyyə nazirlikləri əmək haqlarının nağd şəkildə verilməsinin məhdudlaşdırılmasını nəzərdən keçirir.

Bu barədə "Vedomosti" qəzetinə hökumətdəki mənbə bildirib.

Bununla yanaşı, hökumət irihəcmli satınalmaların nağd qaydada aparılmasını məhdudlaşdırmaq niyyətindədir.

Bildirilir ki, hələlik məsələ hökumət səviyyəsində müzakirə olunmayıb.

"Söhbət avtomobil, mənzil və bahalı əşyaların nağdsız şəkildə aparılmasından gedir", - deyə mənbə bildirib.

Eyni zamanda hökumət bəzi nağdsız əməliyyatlara da verginin tətbiq olunmasını müzakirə edir. Mənbə qeyd edir ki, bu cür praktika Hindistan və Azərbaycanda mövcuddur. "Bu təkliflərin bəziləri hökumətin 2018-2024-cü illərdə iqtisadi inkişaf planına daxil edilə bilər", - deyə mənbə əlavə edib.

Qəzet Azərbaycan praktikası üzərində xüsusi dayanıb. Nəşr qeyd edir ki, 2017-ci ilin aprel ayından etibarən Azərbaycanda nağdsız ödənişləri barədə yeni qanun işə düşür. Sənədə əsasən, ƏDV ödəyicisi olan və illik dövriyyəsi 200 min manatı ötən ticarət və iaşə obyektləri ay ərzində yalnız 30 min manatadək məbləğdə əməliyyatları nağd şəkildə apara bilər. Digər vergi ödəyiciləri üçün bu limit 15 min manat təşkil edir. İllik dövriyyəsi 200 min manatı ötən vergi ödəyiciləri əmək haqlarını yalnız nağdsız şəkildə köçürə bilər.

Qanun həmçinin nağdılaşdırma şərtlərini də sərtləşdirir: banklar və poçt operatoru hüquqi şəxslər və sahibkarlardan nağdılaşdırma əməliyyatı zamanı 1% həcmində sadələşdirilmiş vergi tutacaq.

Adıçəkilən qurumlar sözügedən məsələ ilə bağlı şərh verməkdən boyun qaçırıb.

Qəzet qeyd edir ki, 2016-cı ilin 9 ayı ərzində Rusiyada kart sahibləri 19 trln. rubl məbləğində nağdılaşdırma əməliyyatı aparıb. Qeyd edilən dövrdə nağdsız ödənişlərə yalnız 8,7 trln. rubl xərclənib. Mərkəzi Bankın statistikasında əsasən, nağd dövriyyə ÜDM-in 9%-nə bərabərdir.




APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri