Türkiyədə məşhur türkü ifaçısı Uğur Işılak "Çırpınırdı Qara dəniz" mahnısının erməni bəstəkara aid olduğunu iddia edib.
Live.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözləri Əhməd Cavad, musiqisi Üzeyir Hacibəyova məxsus əsərin erməni müəllif tərəfindən ərsəyə gəldiyini söyləyib.
Mövzu ilə bağlı əməkdar artist Azərin Türkiyə mətbuatına açıqlama verib. Müğəni bildirib ki, Işılak bu fikirlərinə görə türk xalqından üzr istəməlidir:
"Əsərin bəstəkarı və sözlərininin kimliyi hər kəsə məlumdur və sənədlərdə qeyd olunub. Işılak türk xalqından, bəstəkar və söz yazarından üzr istəməlidir. Musiqi əsəri arxivlərdə mövcuddur. Mən yaşadığım müddətdə "Çırpınırdı Qara dəniz" mahnısı "Sarı gəlin" olmayacaq".