Baş həkim: “Bu il “Od çərşənbəsi”ndə 7 uşaq yanıq xəsarəti alıb"

”Hər il Novruz çərşənbələrində yanıq xəsarətləri ilə bağlı Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yanıq şöbəsinə müxtəlif müraciətlər daxil olur”.

APA-nın xəbərinə görə, bunu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Şahin Əliyev bildirib. O qeyd edib ki, bu il “Od çərşənbəsi”ndə tonqaldan atlayan zaman yanıq xəsarəti alan 7 uşaq klinikaya gətirilib: “Xəsarət alanlarda daha çox II dərəcəli əl və diz nahiyələrinin yanıqları müşahidə edilib. Onların yaşı 7-14 arasındadır”.

Ş. Əliyev bildirib ki, hər il tonqaldan müxtəlif yaşda insanlar yanıq xəsarətləri alır. Ötən illərdə 70 yaşlı kişi, yaşlı qadın, hamilə qadın klinikaya gətirilib.

Baş həkim əlavə edib ki, yanıq xəsarəti alanlar arasında uşaqlar üstünlük təşkil edir. Hər il klinikanın yanıq şöbəsinə müraciət edənlərin 65%-ni uşaqlar, qalanlarını isə böyüklər təşkil edir.
Şərhlər
Sosial bölməsinin xəbərləri