Kamil Zeynallı: Söymüşəm, əcəb etmişəm, təzminatını da ödəyərəm

Kamil Zeynallı: Söymüşəm, əcəb etmişəm, təzminatını da ödəyərəm Xəbər verdiyimiz kimi, jurnalist Əfruzə Ağayeva idmançı Kamil Zeynallını məhkəməyə verib.

Live.az cebhe.info-ya istinadla xəbər verir ki, K.Zeynallı yaxın günlərdə “Instagram” hesabını aktiv edəcəyindən və jurnalistlə qalmaqalından danışıb:

“Mən çox əsəbiyəm. “Instagram” hesabımı da özüm bağladım ki, bir az ara sakitləşsin, əsəblərim düzəlsin. “Instagram” hesabım açıq qalsa idi, yenə əsəbləşib söyəcəkdim deyə bağladım. Həm də ailəm məndən çox xahiş etdi ki, bağlayım. Amma bu yaxınlarda “Instagram” hesabımı aktiv edəcəyəm. Bir məsəl var: xoruz yox idi deyə səhər açılmırdı? “Instagram” yoxdur, mənə lap rahatdır. Dost-tanışla rahat oturub söhbətləşə bilirəm, uşağımla oynaya bilirəm, hər kəsə vaxt rahat ayıra bilirəm”.

Həmçinin jurnalistlə olan məhkəmə prosesindən danışan Kamil Zeynallı yaxın günlərdə məhkəmə prosesinin başlayacağını, təzminat ödəməyə hazır olduğunu qeyd edib:

“Proses bu yaxında olacaq. Məhkəmə olmasını mən çox istəyirəm. Çünki onlar çox gözləyirlər ki, mən ondan üzr istəyəcəyəm, amma bu olmayacaq. Məhkəmə hansı məbləğdə təzminat təyin etsə, o insanın da qiyməti o olacaq. Onlar bilirlər ki, mənim üzr istəməyim mümkün deyil, heç vaxt üzr istəməyəcəyəm. Düzdür, mən onu söymüşəm, təhqir etmişəm, özümü günahkar sayıram. Ona görə məhkəmə olmağını istəyirəm ki, məhkəmədə deyim ki, demişəm, söymüşəm əcəb etmişəm və təzminatını da ödəyim çıxım. Bu, o demək olacaq ki, məhkəmə onun söyülmək qiymətini təzminat kimi mənə təyin edəcək, yəni bu xanımı söyməyin qiyməti bu qədərdi, ödəyib, söyün. Məbləğindən asılı olmayaraq mən təzminatı ödəməyə hazıram.

Övladıma gələn qada-bəla o pulla getsin. Heç bir güzəşt olmayacaq. Çünki mən ona Samiraldo söhbətində güzəştə getdim. Amma sonra Zoriklə şəklimi yaydı. Cinsi azlıqlara qarşıyam deyə məni onlarla qarşılaşdırdı. Amma Zorikin arıqlamağı yüzlərlə insanın bizə müraciət etməsinə səbəb oldu. Bu da götürüb yaymışdı ki, özü cinsi azlıqlara qarşı olsa da, onlarla şəkil çəkdirib”.

Kamil Zeynallı müğənni həyat yoldaşı Gülayın bu məsələlərə münasibətindən də söz açıb:

“İnanın, məni hələ sakitləşdirən odur. Mənim qarşımı alan odur. O olmasa, mən daha başqa-başqa işlər görə bilərdim, səbirsizliklər edə bilərdim. Bu arada onu da qeyd edim ki, saytlar yazmışdı ki, mən guya hava limanında “qara siyahı”ya salınmışam, bu da yalandır, deyirdilər verilişi bağlanır, o da yalandır”.

Əfruzə Ağayeva isə Kamil Zeynallının “Instagram” hesabının özü tərəfindən bağlanılmadığını, Kamilin səhifəsini açdırmaq üçün mütəxəssislərə müraciət etdiyini bildirib:

“İnstagram” hesabını o özü bağlatmayıb, “Instagram” tərəfindən səhifəsi bağlanılıb. Bunu niyə etiraf etməkdən çəkinir ki? Bağlandığı üçün də dəfələrlə bu sahənin peşəkarlarına müraciət edib ki, xahiş edirəm, köməklik edin “Instagram” hesabımı aktiv edim, amma alınmayıb. Çünki heç tanımadığım xanımlar, əsl Azərbaycan bəyləri mənə bu məsələdə dəstək oldu, onun səhifəsi söyüşlərindən sonra bağlandı. Mənim də istədiyim elə o idi. Bundan sonra 15 “Instagram” hesabı açsa da, vecimə deyil. Əsas o dönəmdə onu susdurmaq idi və biz də bunu bacardıq”.

Həmçinin Əfruzə Ağayeva məhkəmə çəkişməsindən də danışıb:

“Qanunlarımıza güvənirəm. O başa düşdü ki, bir xanımı, əsas da jurnalisti söyməyin qarşılığı nədir. Sonuna kimi gedəcəyəm. Məhkəmənin günü də, hakimi də məlumdur. Hörmətli hakimin ədalətinə inanıram. Mart 6-da hakim Namidar Misirzadənin sədrliyi ilə ilkin məhkəmə prosesi baş tutacaq.

Vəkilim Vüqar Səfərli işlə ciddi şəkildə məşğuldur, inanmaq istəyirəm ki, ədalət öz yerini tapacaq. Bu məsələ bütün medianın nəzərindədir. Doğrudur, mənə onun üzr istəməyi lazımdır, amma üzr məsələsini onun mənəviyyatına buraxıram. O da evində qız övladı böyüdür və heç bir ata, ana, yaxud da bala heç nədən sığortalanmayıb. Kamil az onun, bunun qadınını, ana-bacısını söysün! Bir gün bir qeyrətli oğul çıxar ortaya və onu başa salar ki, hər şeyi pulla ölçməsin.

Mən jurnalistəm, onu söyməmişəm, təhqir etməmişəm, sadəcə, söydüyü aparıcı Şəbnəm Həsənovadan açıqlama alıb, Kamilin açıqlaması ilə birgə verib qərəzsizlik göstərmişəm. İnşallah, hakimin qərarını gözləyək və bir də qeyd etmək istəyirəm ki, məhkəmənin tarixini bilirdim, vəkilim Vüqar Səfərli mənə hər bir məlumatı vermişdi. Mən dedim ki, mediada yayımlanmasın. Kamil haqqımda dəfələrlə danışdıqca, bu məsələ ilə gündəmə gəlməyin onun üçün nə dərəcədə vacibliyini bir daha hər kəsə sübut etdi”.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri