Dövlət qulluğuna qəbul imtahanı ilə bağlı dəyişikliklər ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğuna qəbul imtahanının məzmunu ilə bağlı dəyişikliklər edəcək.

Bunu Trend-ə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə qeyd edib ki, hazırda bu dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılır.

DŞ-nın sədrinin sözlərinə görə, dəyişikliklər dövlət qulluğuna qəbul imtahanını uğurla verərək müsahibə mərhələsinə keçən namizədlər arasında seçimin aparılması ilə bağlı yaranan problemi aradan qaldırmaq məqsədilə ediləcək:

“Biz müxtəlif dövlət orqanları ilə əlaqə saxlayanda onlar bildirirlər ki, imtahandan sonra gələn namizədlər arasında onlara lazım olan mütəxəssisləri seçə bilmirlər və bunun səbəbini də izah edirlər. Bunu aradan qaldırmaq üçün imtahanın məzmunu və sonra elan olunan proqramlarla əlaqədar müəyyən dəyişikliklər aparacağıq”.

M.Abbaszadə qeyd edib ki, bu istiqamətdə işlərin aparılması üçün “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin icrasına başlanılıb.

Dövlət qulluğuna qəbul olan namizədlər arasında seçimin aparılması zamanı dövlət orqanlarının hansı çətinliklərlə qarşılaşdığına gəldikdə, M.Abbaszadə deyib ki, dövlət orqanları DİM-ə namizədlərdə istədikləri bilik və bacarıqları görmədiklərini açıqlayırlar:

“Düzdür, imtahanın müəyyən balını toplayaraq müsabiqədən keçirlər, amma müsahibə zamanı məlum olur ki, həmin şəxs onların istədiyi mütəxəssis deyil”.

M.Abbaszadə qeyd edib ki, Azərbaycanda həmişə ən yaxşı mütəxəssislər özəl sektorda işləməyə üstünlük verirlər. Çünki özəl sektorda verilən əmək haqqı daha yüksək olur:

“Bu, dünyada da belədir. Bütün ölkələrdə özəl şirkətlər daha yüksək əmək haqqı təklif edirlər. Daha yaxşı mütəxəssisləri dövlət qulluğuna cəlb etmək təkcə bizim deyil, bütün dünyanın problemidir”.
Şərhlər
Sosial bölməsinin xəbərləri