Ötən il Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı 6,5%-dək artıb

Ötən il Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı 6,5%-dək artıb Bu ilin yanvar ayının əvvəlinə olan məlumata əsasən Azərbaycan əhalisinin ümumi sayının 50,1%-ni və ya 4 milyon 918,8 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il doğulmuş 159,5 min körpənin 46,8%-ni qız uşaqları təşkil edib. Qadınların 54,8%-i nəsilvermə qabiliyyətinə malikdir və orta hesabla hər 10 qadın dünyaya 20 uşaq gətirir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 18 doğum evi, 137 qadın məsləhətxanası, 250 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi, ilkin məlumatlara əsasən, 48,2%-dir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 78,1%-i, orta ixtisas təhsili müəssisələrində 76,1%-i, ali təhsil müəssisələrində 51,9%-i, həkimlərin isə 64,9%-i qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,5%-i, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66,4%-i, ali təhsil müəssisələrinin tələbələrinin 48,3%-i qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu var. Elmi işçilərin 53,3%-ni qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 4-ü, müxbir üzvlərindən isə 14-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi, ilkin məlumatlara əsasən, 28,7%, sahibkarlar arasında isə 20,9%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40,2%-i qadınlardır.

Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16,8%-ə çatıb.

İlk bələdiyyə seçkilərinə nisbətən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 6 dəfə artaraq 5236 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 35,0% olub. Bu göstərici ilk bələdiyyə seçkilərində 4,0% təşkil edib.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6% olduğu halda, 2016-cı ildə 6,5%-dək artıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri