Azərbaycanda tikinti şirkətinin rəhbərini qətlə yetirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Ağır Cinayətlər Məhkəməsində “Azər-Ross” MTK-nın rəhbəri Əflatun Piriyevi qətlə yetirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən Hümbət Məmmədov və Vüsal Qurbanov ömürlük, Tofiq Bəkirov 14 il, Fərman Hacıyev 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşları hər biri isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 2011-ci il iyulun 11-i saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

Aparılan əməliyyat araşdırmaları ilə məlum olub ki, Əflatun Piriyevin kooperativdə olan payını ələ keçirmək üçün onu öldürmək qərarına gələn həmtəsisçilərdən biri Hümbət Məmmədov bu məqsədlə Rusiya vətəndaşı Tofiq Bəkirovu Bakıya dəvət edib. Onlar may ayının sonlarında görüşüb, qətlin ilkin olaraq 36 000 ABŞ dolları müqabilində həyata keçirilməsinə razılaşıblar.

Öz növbəsində, Tofiq Bəkirov sifarişin yerinə yetirilməsini həmyerlisi Fərman Hacıyevə tapşırıb, sonuncu isə cinayətin icrasına tanışları Sahil və Şamil Şamilov qardaşlarını cəlb edib. Adları çəkilənlər qətlin planını hazırlayaraq Əflatun Piriyevin hərəkət marşrutunu izləyib, ofisini və yaşadığı ünvanı nəzarətdə saxlayıb, iyulun 11-də isə aldatma yolu ilə iş otağına daxil olub onu öldürüb, Əmiraslan Əhmədovu ağır yaralayıb hadisə yerindən qaçıblar.

Cinayətin iştirakçılarının müəyyən edilib saxlanılması üzrə Azərbaycan DİN-in Gürcüstanın müvafiq dövlət orqanı ilə beynəlxalq müqavilələrə uyğun qarşılıqlı hüquqi yardım çərçivəsində birgə həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində Fərman Hacıyev və Sahil Şamilov Gürcüstanda yaxalanıb. Digər üç nəfər, o cümlədən Hümbət Məmmədov, Tofiq Bəkirov və Şamil Şamilov Bakı şəhərində tutulublar.

Dəstə üzvləri Cinayət Məcəlləsinin 120.2-ci (qəsdən adam öldürmə) və 228.2-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilirlər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri