Şəmkirdə avtomobil aşıb, nənə və nəvə ölüb

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

APA-nın verdiyi məlumata görə, Şəmkir-Gədəbəy avtomobil yolunda nənə ilə nəvənin ölümünə səbəb olan qəzada avtomobili nəvənin - 15 yaşlı Elzaməddin Vəliyevin idarə etdiyi bildirilsə də, polisin araşdırması nəticəsində məlum olub ki, maşını idarə edən şəxs onun babası, Gədəbəy rayonunun Əlinağılar kənd sakini, 1953-cü il təvəllüdlü Zirəddin Vəliyev olub.

Onun idarə etdiyi “Niva” markalı avtomobilin yolun kənarına aşması nəticəsində avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı, 1954-cü il təvəllüdlü Vəzifə Vəliyeva və onların nəvəsi 2002-ci il təvəllüdlü Elzaməddin Vəliyev Hadisə yerində ölüb. Sürücü və digər sərnişin, onun oğlu 1974-cü il təvəllüdlü Qalib Vəliyev isə yüngül xəsarət alıblar.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri