Müflis elan edilən Telman İsmayılov

Müflis elan edilən Telman İsmayılov



Xəbər verildiyi kimi azərbaycanlı oliqarx Telman İsmayılovun çoxsaylı kreditorlarla anlaşması baş tutmayıb və məhkəmə onu müflis elan edib. Nəticədə bir vaxtlar əli milyardlarla oynayan, indi 2 milyard dollara yaxınlaşan borcun içində batan Telman İsmayılovun bütün əmlakı hərracda satılacaq ki, əldə olunan pullar kreditorlar arasında bölüşdürülsün.

Live.Az virtualaz-a istinadən xəbər verir ki, "Vesti" telekanalı bir vaxtlar dünya ulduzlarının başından milyonlarla dollar səpələyən T.İsmayılovun dollar milyarderindən rubl milyonerinə qədər yuvarlandığını, hazırda onun hesabında cəmi 3 milyon rubl vəsait olduğunu bildirir. Məhkəmə qərarına əsasən, yarım il ərzində T.İsmayılovun Fransa Lacivərd sahillərdə yerləşən villasından tutmuş Moskvadakı məşhur "Praqa" restoranına qədər bütün əmlakı satılmalıdır.



Bir vaxtlar dəbdəbəli ziyafətlərin ara vermədiyi "Praqa" restoranının qapısı üzərində "Bağlıdır" sözü yazılmış iri lövhə asılıb, qapıda isə tənha mühafizəçi dayanıb. Restoran artıq bir ildir ki, müştəri qəbul etmir. "Burada Moskvanın bütün intellegensiyası yığışırdı. Təəsüf ki, 90-cı illərdə restoran şəxsi əllərə keçdi, sonra T.İsmayılovun mülkiyyəti oldu", - moskvaşünas Valeriya Portuqalova deyir.

T.İsmayılovun yüz milyonlarla dollar borclu olduğu VTB-Bankın mətbuat xidmətinin rəhbəri Vadim Suxoverxov deyir ki, "Praqa" restoranı da daxil olmaqla biznesmenin bir neçə daşınmaz əmlakı onların girovluğundadır. "Biz vəsaitləri geri qaytarmaq üçün hətta xaricdə yerləşən əmlakın həbs olunmasını da istisna etmirik", - o deyir.



İsmayılov 90-cı illərdə Rusiya biznesinin çiçəklənməsinin əsl siması idi. Onun karyerasının pik dövrü Türkiyənin Antalya bölgəsində atasının adını daşıyan "Mardan Palace" otelinin açılması oldu. Hansı ki, məhz bu otel və onun açılışı zamanı dünya pop-ulduzlarının başından səpələnən milyonlar T.İsmayılovun çöküşünü başlatdı. Onun Rusiyada qazandığı pulları Türkiyəyə yatırmasından və hədsiz dəbdəbə nümayişindən qəzəblənən Vladimir Putin əmr verdi ki, biznesmenin əsas gəlir mənbəyi olan "Çerkizovsk" bazarı bağlansın, sökülsün. Bazar bağlanan kimi T.İsmayılovun gəliri kəskin azaldı və onun biznes-imperiyasının çöküşü başladı. Sonda onun 1.2 milyard dollara başa gələn "Mardan Palace" oteli də az qala 10 dəfə aşağı qiymətə dəyərləndirilərək Türkiyə bankına olan borca görə əlindən alındı.

"Mardan Palace" otelinin "Oskar" mərasimini xatırladan açılışı hələ də dillər əzbəridir. Qonaqlar arasında kimlər yox idi ki...Məsələn, Monika Belluci mərasimdə təntənəli şəkildə deyirdi: "Eşq olsun, Telman Mərdanoviç İsmayılov!"



T.İsmayılov həmişə dəbdəbə ilə əhatə olunmağı xoşlayıb, ümumrusiya qaçaqmalçılıq və kontrafakt məhsullar mərkəzinə çevrilmiş "Çerkizovsk" bazarından pullar onun cibinə sel kimi axanda oliqarx şou-biznes əhlinin sevimlisi idi. Onlardan birinə "Porshe", digərinə villa, bir başqasına brilyant daş-qaş bağışlayırdı. Ad günlərində ulduzlar onun üçün oxumaq üçün növbəyə düzülürdülər.

T.İsmayılovun çoxsaylı daşınmaz əmlakı, otelləri, mağazaları, taksi xidməti və digər aktivləri var idi. "Lakin əsas aktivi əlindən çıxandan sonra İsmayılov qalanlarını da itirməyə başladı. Bütün biznes-sxem zənciri söküldü və nəticədə o, müflis oldu", - politoloq Aleksey Martınov telekanala deyir.

"İndi onun cəmi 3 milyon rubl pulunun qaldığını görəndə bütün bunları qiymətləndirmək çətindir", - vəkil Mixail Kyurcev deyir.

Ola bilsin İsmayılov bir sıra aktivlərini və bank hesablarını kreditorlardan gizlədib, bunun üçün saxta sövdələşmələrdən və benefisirarlardan istifadə edib. Lakin o, rəsmən müflis elan edildiyi üçün hüquqşünaslar deyir ki, gizlədilən aktivləri də tapıb çıxaracaqlar və satacaqlar.
Şərhlər
Sosial bölməsinin xəbərləri