Prezident İlham Əliyev Şirvanda "Cənub" Elektrik Stansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev Şirvanda "Cənub" Elektrik Stansiyasının açılışında iştirak edib İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şirvana səfəri çərçivəsində "Cənub" Elektrik Stansiyasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, Ümummilli Liderin stansiyanın həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev elektrik stansiyasının həyətində xatirə şəkli çəkdirdi, avtobusla ərazini gəzdi.
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verdi ki, son illərdə Azərbaycanda elektroenergetika sisteminin inkişafı ilə bağlı mühüm tədbirlər icra olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə energetikanın maddi-texniki bazası möhkəmləndirilmiş, xeyli sayda modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Bununla da əhalinin elektrik enerjisi ilə təmin olunmasında ciddi nailiyyətlər qazanılmışdır. Bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılmışdır ki, bu da ölkədə enerji sisteminin müasir tələblər səviyyəsində inkişafına təkan verir. Bütün bunlarla yanaşı, indi mövcud elektrik stansiyalarının modernləşdirilməsi prosesi vüsət almışdır. 2007-ci il dekabrın 24-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan "Cənub" Elektrik Stansiyasında həyata keçirilən işlər də bunun bariz nümunəsidir. Bütün tikinti-quraşdırma və sazlama işləri respublikada ilk dəfə olaraq layihənin baş podratçısı yerli "Azenco" şirkəti tərəfindən həyata keçirilmişdir. Stansiyanın ümumi ərazisi 20 hektardır. Tikintisində 800 nəfərin çalışdığı elektrik stansiyası fəaliyyətə başladıqdan sonra burada 215 nəfər daimi işlə təmin ediləcəkdir. Ərazidə olan köhnə yaşayış yerlərinin əvəzinə beşmərtəbəli 60 mənzilli bina, ikimərtəbəli mehmanxana, üçmərtəbəli qonaq evi, 14 fin evi və yeməkxana tikilmişdir. Stansiyanın ərazisində yaşıllaşdırma işləri aparılmış, 30 min ağac, 60 mindən çox müxtəlif gül kolu əkilmişdir. Ərazidə 61 min kvadratmetr sahədə beton yol salınmışdır. Hazırda əhalinin tələbatı nəzərə alınaraq ötürücü və paylayıcı şəbəkələrin genişləndirilməsi istiqamətində atılan addımlara, bu məsələdə ekoloji təhlükəsizliyin diqqət mərkəzində saxlanmasına xüsusi əhəmiyyət verilir. Bu prinsip "Cənub" Elektrik Stansiyasının fəaliyyətində də başlıca meyara çevrilmişdir. Bu mühüm amili şərtləndirən digər məsələ indi Azərbaycanda bərpa olunan və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi diqqətin göstərilməsidir. Bununla bağlı artıq konkret tədbirlər həyata keçirilir və bu da ölkəmizin elektroenergetika infrastrukturunun daha da möhkəmləndirilməsinə xidmət edir. "Cənub" Elektrik Stansiyası isə böyük regional infrastruktur layihəsi olmaqla ölkəmizin enerji təhlükəsizliyinə mühüm töhfə verəcəkdir.
Ölkənin cənub bölgəsində 50 il əvvəl istismara verilmiş "Şirvan" Elektrik Stansiyası istismar müddətini iki dəfə başa vurduğuna görə Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncamla Şirvan şəhərində "Cənub" Elektrik Stansiyası inşa edilmişdir. Stansiyanın gücü 780 meqavatdır.
Prezident İlham Əliyev "Sahil" nasos stansiyasında oldu.
Bildirildi ki, nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 80 min kubmetr olan üç qaz kompressoru quraşdırılmış, Kür çayı üzərində diametri iki min millimetr olan iki kollektorlu 4 nasosdan ibarət 3 kilometr uzunluğunda su soyuducu sistem yaradılmışdır. Burada 2 köməkçi işəsalma və qızdırıcı qazan quraşdırılmışdır. Stansiyada hər birinin məhsuldarlığı saatda 100 ton olan iki qurğudan ibarət sutəmizləmə sistemi də fəaliyyət göstərir. "Sahil" nasos stansiyasında quraşdırılan avadanlıq ən müasir tələblərə cavab verir.
Dövlətimizin başçısı "GİS" tipli qapalı 330/220/110 kilovoltluq yarımstansiyanın fəaliyyəti ilə də maraqlandı. Burada xidmətə ehtiyacı olmayan qazla izolə edilmiş üç qapalı yarımstansiyada hər birinin gücü 180 meqavolt amper olan 6 yüksəldici transformator, hər birinin gücü 250 meqavolt amper olan 4 sistem transformatoru və hər birinin gücü 25 meqavolt amper olan 4 xüsusi sərfiyyat transformatoru quraşdırılmışdır. Yarımstansiyada ümumi uzunluğu 50 kilometr olan 330, 220 və 110 kilovoltluq kabel və hava xətləri, həmçinin uzunluğu 130 kilometr olan 220 kilovoltluq iki dövrəli "Cənub Elektrik Stansiyası - Böyük Şor Yarımstansiyası" hava xətti çəkilmişdir.
Qeyd edildi ki, 110 kilovoltluq xətlər Sumqayıt Texnologiyalar Parkının istehsalıdır.
Ümumilikdə, stansiyada Sumqayıt Texnologiyalar Parkının istehsalı olan 150 kilometr uzunluğunda 6 və 4 kilovoltluq güc, həmçinin min kilometrdən çox siqnal və ölçü kabelləri çəkilmişdir.
Stansiyanın baş korpusunda ən müasir avadanlıq quraşdırılmışdır. Burada hər birinin gücü 128 meqavat olan 4 qaz turbini, hər birinin gücü 135 meqavat olan 2 buxar turbini, hər birinin məhsuldarlığı saatda 186 ton olan 4 qazan-utilizator və hər birinin gücü 160 meqavolt amper olan 6 generator və digər zəruri avadanlıq qoyulmuşdur. Baş korpusda 1,5 milyon kubmetrdən çox torpaq işləri görülmüşdür. Burada dəmir-beton məmulatın həcmi 82 min kubmetrdir. "Cənub" Elektrik Stansiyasının faydalı iş əmsalı 52 faiz, bir kilovat/saat elektrik enerjisinin istehsalına sərf olunan şərti yanacağın miqdarı isə 237 qramdır. Müqayisə üçün deyək ki, əvvəlki "Şirvan" Elektrik Stansiyasında bu göstəricilər müvafiq olaraq 26 faiz və 460 qram təşkil edirdi. Digər analoji stansiyalardan fərqli olaraq burada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə etmək imkanı vardır. Stansiyanın fəaliyyəti yüksək keyfiyyətli olmaqla yanaşı, həm də qənaətcilliyi ilə seçilir. Bu nəhəng infrastruktur qurğusunun fəaliyyətə başlaması ilə ildə 780 milyon kubmetr qaza və ya 650 min ton mazuta qənaət etmək mümkündür. Stansiya ildə 6 milyard kilovat/saat elektrik enerjisi istehsal etməyə imkan verəcəkdir. Mütəxəssislərin hesablamalarına görə, stansiya öz dəyərini maksimum 4 ilə tam ödəyəcəkdir.
Azərbaycan Prezidentinə məlumat verildi ki, sutəmizləyici stansiya da ən müasir avadanlıqla təchiz edilmişdir. Stansiyanın Kür çayından götürülən xam su məhsuldarlığı saatda 430 kubmetrdir.
Bildirildi ki, stansiyaya lazım olan əsas avadanlıq dünyanın 70-ə yaxın aparıcı şirkətindən alınmışdır. Bununla yanaşı, bir çox zəruri avadanlıq, o cümlədən metal konstruksiyalar, körpülü kranlar, borular, mazut çənləri və digər avadanlıq yerli "Azenco" şirkəti tərəfindən hazırlanmışdır.
Prezident İlham Əliyev stansiyanın idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldu. Məlumat verildi ki, bu mərkəzdə stansiyanın idarə olunması, müşahidə kameraları ilə qurğunun ərazisinə nəzarət həyata keçirilir. Stansiyanın bütün avadanlığının qoşulub-açılması da buradan idarə olunur.
Dövlətimizin başçısı "Cənub" Elektrik Stansiyasını işə saldı.
Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Sonra "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev çıxış etdi.
Daha sonra çıxış edən şəhər sakini Tofiq Hüseynov dövlətimizin başçısına Şirvanın inkişafına göstərdiyi diqqət və qayğıya görə təşəkkür etdi.
Sonda xatirə şəkli çəkdirildi.
Şərhlər
Siyasət bölməsinin xəbərləri