Ukrayna “Eurovision” Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənnini buraxmayacaq

Bu il Ukraynada keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsinə Rusiyanı təmsil edən müğənni Yuliya Samoylova buraxılmayacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti Aparatının rəhbəri Aleksandr Tkaçuk bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Y. Samoylova Ukrayna ərazisinə girişinin qadağan edilməsi barədə sənəd hazırlayıb.

Sənəd 3 il ərzində müğənninin Ukrayna ərazisinə daxil olmasına qadağanı nəzərdə tutur. Buna səbəb onun 2015-ci ildə Krımda konsertdə iştirak etməsidir.

Qeyd edək ki, Ukrayna Nazirlər Kabinetinin qərarına əsasən Krıma səfər etmək istəyən xaricilər bunun üçün rəsmi Kiyevdən xüsusi icazə almalıdır.

Xatırladaq ki, bundan əvvəl mediada Ukrayna Təhlükəsizlik Xidmətinin belə bir sənəd hazırladığı barədə məlumat yayılıb. Martın 20-də Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, təşkilatçılar Rusiyanın “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisinin əvəzlənməsini nəzərdə tutmayıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri