Şəki və Giresun qardaşlaşdı
- 02.07.2013, 01:21,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəki və Giresun bələdiyyələri qardaşlaşıb.
Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəki bələdiyyəsi ilə Türkiyənin Giresun bələdiyyəsi arasında protokolun yenilənməsi ilə bağlı görüş keçirilib. Görüş zamanı iki şəhər arasında yeni protokol imzalanıb.
Şəkidə Yuxarı Karvansarayda iki şəhərin nümayəndələri bir müddət öncə imzalanmış qardaş şəhər və əməkdaşlıq haqqında protokolu yeniləmək məqsədilə bir araya gəliblər. Şəki bələdiyyəsi ilə Giresun bələdiyyəsinin nümayəndələrinin çıxışlarından sonra protokolun imzalanması mərasimi keçirilib. İmzalanmış protokolla iki şəhər qədim tarixi və mədəniyyət əlaqələri çərçivəsində "Bir millət iki dövlət" olaraq "Qardaş bələdiyyələr" olduqlarını bəyan ediblər. Tərəflər iki ölkənin mövcud qanunlarına qarşılıqlı hörmət və birgə fəaliyyətlərin gücləndirilməsi, dostluq, qardaşlıq və əməkdaşlıq məqsədilə 5 bənddən ibarət protokol imzalayıblar.
Bu sənəd iki dövlət və bir millətin övladları olaraq, Giresun və Şəki şəhərlərini bir-birinə daha da yaxınlaşdmaq məqsədi daşıyır. İmzalanma mərasimindən sonra hər iki şəhərin nümayəndələri bir-birilərinə öz hədiyyələrini təqdim ediblər və xatirə şəkli çəkdiriblər. Mərasimdən sonra çay süfrəsi təşkil edilib.
Sonra şəhər nümayəndələri Bəxtiyar Vahabzadə parkına gəliblər. Qonaqlar Giresun və Konya şəhərlərinin torpaqlarını bu parkda basdırıb və xatirə şəkli çəkdiriblər. Bununla, Türkiyənin daha bir şəhəri ilə Şəki arasında əlaqələr bir qədər də möhkəmləndirilib.
Daha sonra qonaqlar Vərəzət kəndində yerləşən naməlum türk əsgərinin qəbrini ziyarət ediblər.
Qeyd edək ki, Şəki və Giresun 2001-ci ildə imzalanmış protokola əsasən qardaşlaşmış şəhərlər statusu qazanıblar.